CƏMİYYƏT
Fitosanitar nəzarət sisteminə etimadın artması ixracın yüksəlməsinə səbəb olub
Bakı, 22 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində fitosanitar nəzarətin gücləndirilməsi, ixrac olunan bitkiçilik məhsullarının təhlükəsizliyi ilə bağlı tədbirlərini davam etdirir. Həyata keçirilən fitosanitar nəzarət tədbirləri nəticəsində 2021-ci ilin noyabrın 9-dək fitosanitar nəzarətdə olan bir sıra bitkiçilik məhsullarının Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixracında əhəmiyyətli dərəcədə artım müşahidə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə agentliyin sədri Qoşqar Təhməzli bitki sağlamlığı ilə bağlı keçirilən mətbuat konfransında məlumat verib.
Q.Təhməzli bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ölkəyə xurma ixracında 46, kartof ixracında 23, xiyar və kornişon ixracında 35, şaftalı və nektarin ixracında 182, qarpız ixracında 144, təzə üzüm ixracında 178, gavalı və göyəm ixracında 33, nar ixracında 17, çiyələk ixracında 117, armud ixracında isə 192 faiz artım müşahidə edilib. Eləcə də Rusiyanın müvafiq qurumu tərəfindən tətbiq edilən məhdudiyyətlər şəraitində həmin ölkəyə 119 min ton pomidor, 52 min ton alma ixrac olunub.