ELM VƏ TƏHSİL
Fizika İnstitutu orta məktəblər arasında bilik yarışı təşkil edib
Bakı, 17 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutu və bu elmi müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə fizika fənnindən olimpiada keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, olimpiada Fizika İnstitutunda müxtəlif məktəblərin X sinifləri arasında təşkil olunub. Bilik yarışında Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində fizika-riyaziyyat təmayüllü, “Gənc istedadlar”, fizika-riyaziyyat və informatika təmayüllü liseylərindən, Səbail rayonundakı 132-134 nömrəli təhsil kompleksindən, Yasamal rayonu 225 nömrəli tam orta məktəbdən və digər orta təhsil müəssisələrindən 25 şagird iştirak edib.
Yarışdan əvvəl institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov şagirdlərə uğurlar arzulayıb. Bildirib ki, Fizika İnstitutu ənənəvi olaraq orta məktəblər arasında bilik yarışı təşkil edir. O, olimpiadanın məktəblilərdə elmə maraq yaratmaq, onların biliklərini yoxlamaq məqsədilə təşkil olunduğunu qeyd edib.
Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Qafil Dəmirov sualların institutun pedaqoji təcrübəsi olan alimləri tərəfindən hazırlandığını deyib.
Olimpiadanın qalibləri təşkilatçılar tərəfindən birinci ikinci, üçüncü dərəcəli diplom və mükafatlarla təltif olunacaqlar.