ELM VƏ TƏHSİL
Fizika İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Bakı, 19 yanvar, AZƏRTAC
AMEA-nın Fizika İnstitutunda 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, institutun baş direktoru akademik Arif Həşimov 20 Yanvar hadisələrindən danışıb. O bildirib ki, sovetlər birliyi xalqın hakimiyyətə qarşı çıxışlarını bəhanə gətirərək 1990-cı il yanvarın 19-da Bakı şəhərinə qoşunlar yeridib. Baş direktor çıxışında həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 137 insanın qətlə yetirildiyini, 700-dən artıq vətəndaşın yaralandığını bildirib.
A.Həşimov 20 Yanvar hadisələrinə əsl siyasi qiymətin ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra verildiyini vurğulayıb.
Akademik A.Həşimov ümummilli lider Heydər Əliyev siyasətinin davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərdiyi siyasi əzm və Ordumuzun şücaəti nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızın düşmən əsarətindən azad olunduğunu bildirib. A.Həşimov vurğulayıb ki, 20 Yanvar şəhidlərinin xatirəsini yaşatmaq və onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq hər bir vətəndaşın borcudur.
Tədbirdə Həmkarlar İttifaqının sədri fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova və başqaları çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində baş verən ən dəhşətli hadisələrdən biri olduğunu vurğulayıb və yanvar ayının 19-dan 20-nə keçən gecə törədilən vəhşiliklərdən danışıblar.