ELM VƏ TƏHSİL
Fizika İnstitutunda fizika elminin müasir məsələlərinin müzakirəsinə həsr olunan seminarlar keçirilir
Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda cari ilin əvvəllərindən fizika elminin müasir məsələlərinin müzakirəsinə, təbliğinə və tətbiqinə həsr olunan seminarlar keçirilir.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarlarda AMEA-nın institut və təşkilatları ilə yanaşı, ali təhsil müəssisələrinin nümayəndələri də iştirak edirlər.
“Kulon plyus ring-shaped potensialı üçün relyativistik sonlu-fərq tənliyinin dəqiq həlləri” mövzusuna həsr olunun olunan növbəti seminarda fizika-riyaziyyat elmləri doktoru Şakir Nağıyevin mövzu ilə bağlı məruzəsi dinlənilib.
Məruzəçi aparılan tədqiqatlardan, təcrübələrdən və əldə olunan nəticələrdən bəhs edib.
Seminarda institutun direktoru, akademik Nazim Məmmədov institutun h-indeksinin 100-ə yaxınlaşdığını və bu göstəricinin yüksək nəticə olduğunu vurğulayıb.
Qeyd edib ki, fizika elmini inkişaf etdirmək üçün kadr hazırlığına diqqət yetirmək və elmə marağı olan gəncləri instituta cəlb etmək lazımdır. Daha sonra mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.