ELM VƏ TƏHSİL


Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin onlayn iclası keçirilib

Bakı, 28 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) növbəti onlayn iclası keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbirdə Radiasiya Problemləri İnstitutunun (RPİ) baş direktoru, akademiyanın müxbir üzvü İslam Mustafayevin “Azərbaycanda radiasiya təhlükəsizliyi: müasir çağırışlar, mövcud elmi-texniki potensial və onun artırılması yolları” mövzusunda elmi məruzəsi dinlənilib.

Alim 2021-2025-ci illər üçün nəzərdə tutulmuş “Radiasiya təhlükəsizliyi üzrə Milli elektron məlumat bazasının yaradılması, radiasiya risklərinin GİS-də təsviri və onların idarə olunması mexanizminin işlənilməsi” mövzusu üzrə aparılan tədqiqatlardan da danışıb.

Sonra RPİ-nin laboratoriya müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Famil Hümbətov Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Nüvə Tədqiqatları Mərkəzi, RPİ-nin və Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi Üzrə Dövlət Agentliyinin işğaldan azad olunmuş ərazilərdə – Şuşa şəhərində, Zəngilan, Füzuli, Qubadlı, Cəbrayıl və Xocavənd rayonlarında apardığı radioloji və ekoloji monitorinq barədə məlumat verib.

AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev erməni işğalçıları tərəfindən Qarabağın və ətraf ərazilərin zəngin yeraltı və yerüstü sərvətlərinin talan edilməsi, ərazilərimizin minalanması, qanunsuz qazıntı işlərinin aparılması fonunda regionun kəskin ekoloji və radioaktiv çirklənməyə məruz qalmasından söz açıb. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, o cümlədən innovativ ekosistemin yaradılması, azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi, həmçinin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi ölkəmizin radiasiya problemlərinin həlli məsələlərinə də sistemli yanaşma tələb edir və alimlərimizin qarşısında prioritet vəzifələr qoyur.

İclasda radiasiya təhlükəsizliyi sahəsində müasir texnologiyaların tətbiqi ilə multidisiplinar tədqiqatların aparılması, yüksək səviyyəli kadr potensialının formalaşdırılması, ölkə miqyasında onlayn monitorinq sisteminin yaradılması, 2021-2025-ci illər üzrə elmi-tədqiqat planlarına “Radiasiya təhlükəsizliyi üzrə Milli elektron məlumat bazasının yaradılmasını, radiasiya risklərinin GİS-də təsviri və onların idarə olunması mexanizminin işlənilməsi” multidisiplinar mövzusunun daxil edilməsi barədə təkliflər səsləndirilib.

Daha sonra AMEA-nın müxbir üzvü Namiq Cəlilov və fizika-riyaziyyat elmləri doktoru, professor Nəriman İsmayılov Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) astronomik müşahidələr, imkanlar, beynəlxalq əməkdaşlıq və perspektivlər barədə məruzə ediblər.

Akademik Rasim Əliquliyev kosmik sənayenin inkişafı və Azərbaycan elminin prioritetləri fonunda astronomik araşdırmaların ölkənin milli maraqlarına xidmət etməsinin, astroinformatika, astrostatistikaya aid tədqiqatların aparılmasının, əldə olunan məlumatların rəqəmsallaşdırılmasının, Dördüncü Sənaye İnqilabının çağırışlarına uyğun olaraq süni intellekt və maşın təliminin tətbiq olunmasının vacibliyini vurğulayıb. Alim astroinformatika, astrostatistika sahələrində yüksəkixtisaslı kadrların hazırlanmasının zəruri olduğunu qeyd edib.

Sonra məruzələrlə bağlı müzakirələr aparılıb.

Onlayn iclasda AMEA-nın 2021-ci il 27 may tarixli Ümumi yığıncağının və Rəyasət Heyətinin “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanıqlı inkişafı üzrə milli strategiyanın hazırlanması haqqında” müvafiq qərarlarının icrasından irəli gələn vəzifələrdən danışan akademik Rasim Əliquliyev qeyd edib ki, torpaqlarımızın erməni işğalından azad edilməsi, dağıdılmış ərazilərdə irimiqyaslı quruculuq işlərinə başlanılması, ölkəmizdə aparılan innovativ islahatlar, biliklər iqtisadiyyatının formalaşması, smart texnologiyalara əsaslanan infrastruktur layihələrinin icrası, Dördüncü Sənaye İnqilabının Azərbaycanda Regional Mərkəzinin yaradılması, enerji təhlükəsizliyinə dair layihələrin həyata keçirilməsi, dünyanın qlobal çağırışları və digər məsələlərlə bağlı Azərbaycan elminin, habelə FRTEB-in müəssisələrinin qarşısında ciddi, taleyüklü vəzifələr dayanır. Həmin vəzifələrin həyata keçirilməsi bölmənin elmi müəssisələrini öz kadr potensialını gücləndirmək, prioritet elmi istiqamətlərə diqqəti artırmaq, beynəlxalq elmi əlaqələri genişləndirmək və müasir elmi-texnoloji nailiyyətlərə əsaslanmaqla tədqiqatlar aparmağı zəruri edir.

İclasda “Molecular Cell Biology” (“Molekulyar hüceyrə biologiyası”) kitabının Azərbaycan dilində nəşr olunması barədə müzakirələr aparılıb. Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov məlumat verib ki, “Molekulyar hüceyrə biologiyası” Massaçusetts Texnologiya İnstitutunun, Harvard, Kornel və Kaliforniya universitetlərinin tanınmış alimləri tərəfindən hazırlanıb. Onun sözlərinə görə, bestsellerin 2016-cı ildə “Springer” nəşriyyatında işıq üzü görən 8-ci nəşri biotibb, molekulyar hüceyrə sahəsində son illərin eksperimental tədqiqatlarına əsaslanan mühüm nailiyyətləri özündə əks etdirir.

Qeyd edilib ki, dünyanın bir çox dillərinə tərcümə olunan bu kitab biofizika, biokimya, fiziologiya, molekulyar biologiya, hüceyrə biologiyası, tibb və digər sahələr üzrə ixtisaslı kadrların hazırlanması üçün dəyərli dərs vəsaitidir. Kitabı Azərbaycan dilinə Biofizika İnstitutunun icraçı direktoru, biologiya elmləri doktoru Kərim Qasımov tərcümə edib.

Akademik Rasim Əliquliyev biofizika və molekulyar biologiya texnologiyaları kimi yeni, eyni zamanda, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən elmi istiqamətlərə aid qabaqcıl biliyi özündə əks etdirən dərs vəsaitinin Azərbaycan dilinə akademik səviyyədə tərcümə olunmasını, bu sahədə ana dilli elmi terminologiyanın yaradılmasını alimlərimizin mühüm uğuru kimi dəyərləndirib.

FRTEB-in Elmi şurasının sədri elmin digər sahələrində çalışan alimlərimizi də dünyanın qabaqcıl elmi mərkəzləri tərəfindən ərsəyə gətirilən əsərləri, dərslik və dərs vəsaitlərini Azərbaycan dilinə tərcümə edib geniş elmi ictimaiyyətin, ali məktəblərin müəllim-tələbə heyətinin istifadəsinə verməyə çağırıb. Həmçinin AMEA ilə Təhsil Nazirliyi arasında xarici dillərdə olan dərsliklərin, dərs vəsaitlərinin tərcümə olunması və nəşri istiqamətində əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi, aparılan işlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində təkliflərini səsləndirib.

Tədbirdə çıxış edən AMEA Rəyasət Heyətinin üzvü, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev Türk Dünyası Riyaziyyat Cəmiyyətinin “TWMS Journal Pure and Applied Mathematics” jurnalının impakt faktor alması barədə məlumat verib. Qeyd edib ki, jurnal “Riyaziyyat” kateqoriyasında 330 beynəlxalq nəşr arasında 43-cü yerdə (Q1 bölməsində), “Tətbiqi riyaziyyat” kateqoriyasında 265 beynəlxalq nəşr arasında 84-cü yerdə (Q2 bölməsində) qərarlaşıb.

FRTEB-in Ümumi yığıncağı bir sıra kadr məsələlərini müzakirə edib, müvafiq qərarlar qəbul edib.

Sonda həlli vacib olan cari məsələlər müzakirə olunub, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.