CƏMİYYƏT
Fiziki məhdudiyyəti olan istedadlı şəxslərlə bağlı həyata keçirilən layihə başa çatıb
Bakı, 17 avqust, AZƏRTAC
“İstedadlı əlillər” İctimai Birliyi (İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Fiziki məhdudiyyəti olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası” layihəsinə yekun vurub.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, bununla bağlı Abşeron rayonundakı Heydər Əliyev Mərkəzində mətbuat konfransı keçirilib. İB-nin sədri Cavad Qasımov layihə çərçivəsində əlilliyi olan insanların hüquqlarının müdafiəsi ilə əlaqəli həm fərdi, həm də ümumi olaraq görülmüş işlərdən danışıb.
Sonra layihə çərçivəsində nəşr edilən “Kəlbəcərdə yurdum məni gözləyir” kitabının təqdimatı olub. Tədbir iştirakçıları kitab haqqında öz fikirlərini bildirərək müəllifə uğurlar diləyiblər. Kəlbəcər rayonundan məcburi köçkün, birinci qrup Qarabağ əlili, gənc şair Elşad İbrahimov kitabının işıq üzü görməsində əməyi olan insanlara təşəkkürünü bildirib.
Sonda “İstedadlı Əlillər” İB-nin hazırladığı təkliflərin və konfransda müzakirə olunan məsələlərin ümumiləşdirilərək aidiyyəti təşkilatlara göndəriləcəyi diqqətə çatdırılıb.