CƏMİYYƏT
Fiziki məhdudiyyəti olan şəxslərin X ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsi keçiriləcək
Bakı, 20 avqust, AZƏRTAC
Bu ilin noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fiziki məhdudiyyəti olan şəxslərin X ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsi keçiriləcək. Tədbirin təşkilinin əsas səbəbi fiziki məhdudiyyəti olan şəxslərin yaradıcılıq imkanlarının dəstəklənməsi, onların istedad və qabiliyyətlərinin cəmiyyətə təqdim olunmasıdır.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, sərgi “2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən keçiriləcək. Sərgi-müsabiqədə respublikanın bütün bölgələri üzrə əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqların əl işləri (hörmə, rəsm, toxuma, xalça və dulusçuluq-keramika məmulatları, ağac üzərində oyma, bədii tikmələr, müxtəlif maketlər və s.) nümayiş etdiriləcək.
Sərgi-müsabiqə müvafiq nominasiyalar üzrə bacarıq və qabiliyyəti ilə fərqlənən iştirakçıların 3 dekabr-Beynəlxalq Əlillər Günü ərəfəsində mükafatlandırılması ilə yekunlaşacaq.