Fiziki məhdudiyyəti olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün imkanlar yaradılıb
AzerTAg.az

Bakı, 14 mart, AZƏRTAC
BP bu gün fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inamla və effektiv şəkildə inteqrasiyasına töhfə vermək səylərinin bir hissəsi olan daha bir sosial sərmayə layihəsini uğurla başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, bu layihə “DanceAbility” adlı beynəlxalq təlim metodu əsasında hazırlanıb. Layihənin məqsədi “Danceability” metodunun təklif etdiyi universal ünsiyyət üsulları vasitəsilə fiziki məhdudiyyətli şəxslərin müalicəsi və reabilitasiyasında inklüzivliyi təmin etmək idi.
Layihə çərçivəsində Bakı, Yevlax və Şirvandakı reabilitasiya mərkəzlərinin mütəxəssisləri üçün “DanceAbility” metodu üzrə təlimlər təşkil olunub. Reabilitasiya mərkəzlərinin 52 əməkdaşı üçün ümumilikdə 28 olmaqla, 14 onlayn və 14 oflayn “DanceAbility” təlim sessiyası keçirilib. Təlim keçmiş bütün mütəxəssislər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini təmsil edirlər.
Təlim sessiyaları əsasən özünüifadə, özünəinam, kreativlik, ünsiyyət bacarıqları, empatiya, psixi və fiziki rifahın yaxşılaşdırılması və digər mövzuları əhatə edib.
BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli layihənin uğurla başa çatması münasibətilə bu gün keçirilmiş tədbirdə çıxış edərkən deyib: “Layihənin əsas məqsədi əlilliyi olan şəxslərə hamımız üçün ortaq dil olan hərəkət və rəqs dili vasitəsilə ünsiyyət qurmağa kömək etmək idi. Bu dilin əlilliyi olan şəxslərin cəmiyyətdə tam və səmərəli şəkildə iştirakına əngəl olan maneələrin aradan qaldırılması istiqamətində çox effektiv olduğu artıq sübut edilib. “Danceability” metodunun istifadə etdiyi 200-dən çox məşq hərəkəti hər yaşda olan insanlara bu metoddan eyni dərəcədə faydalanmağa imkan verməklə onlara özlərini cəmiyyətin fəal tərkib hissəsi kimi hiss etməyə və özgüvənini artırmağa kömək edir.
İnanırıq ki, bu layihə əlilliyi olan şəxslərin daha geniş cəmiyyətə inteqrasiyası üçün unikal və innovativ imkanlardan birini təmin edərək, minlərlə insana özünəinam və özünüifadə hissi bəxş edəcək. Həqiqətən də, Bakı, Yevlax və Şirvan şəhərlərindəki reabilitasiya mərkəzlərinin 50-dən çox mütəxəssisinə təlim keçməklə biz həmin ərazilərdə yaşayan əlilliyi olan 8000-dən çox insana fayda verəcəyimizə ümid edirik”.
Layihənin ümumi dəyəri 42 min 950 manatdır (25 min 264 ABŞ dolları). Həmin məbləğə əsasən təlimlərin keçirilməsi və səkkiz təlim videoçarxının hazırlanması xərcləri daxildir. Layihə hazırda Azərbaycanda “DanceAbility” təlimlərini keçmək hüququna malik yeganə yerli təşkilat olan “DanceAbility Azərbaycan” MMC tərəfindən icra olunub.
Xəbərin mətnində orfoqrafik səhv var