İQTİSADİYYAT
Fiziki şəxslərin cəmi əmanətləri 7,8 faiz artmışdır
Bakı, 28 iyul (AZƏRTAC). Cari ilin II rübündə fiziki şəxslərin cəmi əmanətləri 405 milyon (7,8 faiz) manat artaraq 5 618 milyon manata çatmışdır.
Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildirilmişdir ki, fiziki şəxslərin cəmi əmanətlərinin 33 faizini (1,85 milyard manat) qorunmayan, 67 faizini (3,77 milyard manat) isə qorunan əmanətlər təşkil etmişdir.
Kompensasiya olunan əmanətlər ötən rüblə müqayisədə 203 milyon manat artaraq 1 813 milyon manata çatmışdır ki, bu da qorunan əmanətlərin 46,1 faizini təşkil edir.
Qorunan əmanətlərin 58 faizi manatın, 38 faizi ABŞ dollarının və 4 faizi avronun payına düşür.
Üzv banklar tərəfindən 4 milyon 979 min 666 əmanətçiyə xidmət göstərilir ki, onların da 4 milyon 643 min 23 nəfəri (93 faizi) qorunan əmanətçidir.
Hazırda Fondun sığorta ehtiyatları 54,2 milyon manat, cəmi aktivləri isə 61,6 milyon manat təşkil edir.
Fondun sərbəst vəsaitlərinin idarə edilməsi Fondun investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Manatda olan vəsaitlər 46,4 milyon manat məbləğində dövlət qiymətli kağızlarında yerləşdirilmiş və orta hesabla illik gəlirlilik 4,4 faiz təşkil etmişdir. Fondun 5 milyon avro vəsaiti isə “Deutsche Asset & Wealth Management International” şirkəti vasitəsi ilə idarə olunur.