İQTİSADİYYAT
Fiziki şəxslərin gəlir vergisinin hesablanması mexanizmi sadələşdirilib
Bakı, 8 sentyabr, AZƏRTAC
Vergi qanunvericiliyində edilmiş dəyişikliklərin böyük əksəriyyəti vergi ödəyicilərinin hüquq və mənafelərinin qorunmasına xidmət edir.
AZƏRTAC Vergiler.az saytına istinadla bildirir ki, Vergi Məcəlləsində əvvəllər tətbiq olunan 13 vergi növündən 9-u təsbit olunub, əksər vergi növləri üzrə dərəcələr aşağı salınıb, aksizə cəlb olunan malların siyahısı azaldılıb.
Məcəllədə vergi sistemi, vergitutmanın ümumi əsasları, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları, vergi ödəyiciləri və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət və digər qaydalar yüngülləşdirilib.
Qanunvericilikdə edilmiş əlavə və dəyişikliklər nəticəsində mənfəət vergisinin dərəcəsi 27 faizdən 20 faizə, ƏDV-nin dərəcəsi 20 faizdən 18 faizədək azaldılıb, fiziki şəxslərin gəlir vergisinin hesablanması mexanizmi sadələşdirilib.