İQTİSADİYYAT
Fiziki şəxslərin minik avtomobillərinin özgəninkiləşdirilməsi barədə dövlət rüsumu təsdiqlənib
Bakı, 1 avqust, AZƏRTAC
Fiziki şəxslərin minik avtomobillərinin özgəninkiləşdirilməsi barədə dövlət rüsumu təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin və “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə” Qərar qəbul edib.
Qərara əsasən, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri təsdiq olunub. Minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri minik avtomobillərinin istehsal tarixi və mühərrikinin həcmi nəzərə alınmaqla müəyyən edilir. Burada sürücünün oturacaq yeri də daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olmayan avtonəqliyyat vasitəsi nəzərdə tutulur.
Minik avtomobilinin mühərrikinin həcmi 2000 kubsantimetrədək olan mühərrikin həcminin hər kubsantimetrinə görə 0,05 manat, 3000 kubsantimetrədək olanlara 100 manat və mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,1 manat, 4000 kubsantimetrədək olanlara 200 manat və mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,2 manat, 5000 kubsantimetrədək olanlara 400 manat və mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,3 manat, 5000 kubsantimetrdən çox olduqda isə 1500 manat müəyyən olunur.
İstehsal tarixi 4 ilədək olan minik avtomobillərinə dövlət rüsumunun məbləği 1 manat, 4 ildən 10 ilədək olan minik avtomobillərinə 0,8 manat, 10 ildən çox olan minik avtomobillərinə 0,3 manat rüsum tətbiq edilir.