ELM VƏ TƏHSİL


Fiziki tərbiyə müəllimləri üçün TOPs təlimlərinə start verilib

Bakı, 2 iyun, AZƏRTAC

“TOPs - təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində Bakı şəhərinin ümumtəhsil məktəblərində təlimlərə start verilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təlimlərə Bakı şəhərində fəaliyyət göstərən 57 ümumi təhsil müəssisəsindən 150 nəfərdən çox fiziki tərbiyə müəllimi cəlb olunub. Ayrı-ayrı qruplarda TOPs metodologiyası üzrə təşkil olunan 3 günlük praktiki təlimlər zamanı fiziki tərbiyə fənninin məzmunu ilə bağlı müzakirələr aparılır, müasir təlim üsulları vasitəsilə dərslərin tədrisinin yüksəldilməsi üçün praktiki məşğələlər keçirilir. Dərslərin effektli tədris edilməsi üçün TOPs oyun–metodiki tədris kartlarından istifadə qaydaları müəllimlərə izah edilir.

Təlimlər başa çatdıqdan sonra TOPs proqramı üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən müəllimlərin təlimöncəsi və təlimsonrası qiymətləndirilməsinin nəticələri müqayisə ediləcək.

Təlimlər xüsusi karantin rejimi qaydalarına uyğun təşkil edilir.

Qeyd edək ki, TOPs layihəsi ümumtəhsil məktəblərində təhsilalanların hərəki bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, onların fiziki sağlamlığının inkişaf etdirilməsi, fiziki tərbiyə və ibtidai sinif müəllimlərinin TOPs metodologiyası vasitəsilə bilik və bacarıqlarının, fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikasının təkmilləşdirilməsi məqsədilə həyata keçirilir. Metodika fiziki tərbiyədə inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim üsullarını da özündə birləşdirir. Layihə Təhsil Nazirliyi, “British Council”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə icra edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.