ELM VƏ TƏHSİL
Fiziologiya İnstitutu əməkdaşlarının məqaləsi beynəlxalq jurnalda dərc olunub
Bakı, 21 iyun, AZƏRTAC
AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova, Ekotoksikologiya laboratoriyasının baş elmi işçisi, biologiya elmləri doktoru Xədicə İsmayılova, institutun doktorantı Məhəmməd Rza Məcidi və elmi işçi Fərhad Rüstəmovun həmmüəllifliyi ilə “PubMed” tərəfindən indeksləşdirilmiş jurnalda (“Journal of Clinical and Translational Research”) (Sinqapur) məqalə dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Audiogenik stresə qarşı yüksək həssaslığı olan siçovullarda alınan qıcolmalara fluoksetinin təsiri” adlı məqalədə məqsəd antidepresant olan fluoksetinin Vistar siçovullarında qıcolmalara təsirini araşdırmaq olub.
Təcrübədən əvvəl siçovulların yüksək səs altında qıcolmaya həssaslığı öyrənilib, heyvanlar 2 qrupa ayrılıb: qıcolmaya həssas və qıcolmaya davamlı. Daha sonra qıcolmaya həssas olan siçovullar üzərində tədqiqat aparılıb. Belə ki, həmin siçovullara fluoksetin verilib və nəticədə antidepresantın kəskin tətbiqi zamanı audiogenik stimula məruz qalan siçovullarda qıcolma tutmaları nəzərə çarpacaq dərəcədə zəifləyib.
Məqalədə monoaminlərin metabolizmasına təsir göstərən farmakoloji maddələrin monoaminergik mexanizmlərin öyrənilməsində böyük praktik əhəmiyyət kəsb etdiyi qeyd olunur.