ELM VƏ TƏHSİL
Fiziologiya İnstitutunda ilk dəfə infraqırmızı beyin skaneri ilə test aparılıb
Bakı, 28 yanvar, AZƏRTAC
Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Rusiya Elmlər Akademiyasının İ.P.Pavlov adına Fiziologiya İnstitutunun Görmənin fiziologiyası laboratoriyasının alimlərinin seminarları keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda İ.P.Pavlov adına Fiziologiya İnstitutunun alimləri professor Yuri Şelepin və psixoloq Yevqeni Yuriyeviç bir neçə mövzu ətrafında məruzə ilə çıxış ediblər. “Diaqnostika və reabilitasiya kompleksi”, “İnfraqırmızı beyin skaneri. Beynin infraqırmızı spektroskopiyası. Funksional beyin təsviri. Diaqnostik və təhsil problemlərinin həlli”, “Vizokontrastometriya. Vizual sistemin məkan ötürmə funksiyalarının ölçülməsi.”, “Gleyer effekti. Gözün optikası ilə işığın səpilməsinin artması”, “İtməkdə olan optotip” mövzularında çıxış edən alimlər neyrodegenerativ xəstəliklərin diaqnostikasında istifadə edilə bilən metodlardan danışıblar. Eyni zamanda, neyrotexnologiya, görmənin fiziologiyası və sensor fiziologiya sahəsində yeni diaqnostik metodikalar, tədqiqatlar zamanı istifadə olunan proqramlar haqqında məlumat verilib.
Daha sonra infraqırmızı beyin skanerini əyani olaraq nümayiş etdirən psixoloq Yevqeni Yuriyeviç seminar iştirakçıları ilə birgə test aparıb.
Təqdim edilən məruzələr və aparılan test yoxlanışı böyük marağa səbəb olub, bu istiqamətdə müzakirələr aparılıb, suallar cavablandırılıb.