ELM VƏ TƏHSİL
Fiziologiya İnstitutunda magistratura təhsili üzrə attestasiyanın nəticələri müzakirə olunub
Bakı, 2 mart, AZƏRTAC
Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Elmi şurasının iclası keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, iclasda elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev institutun elmi strukturunda nəzərdə tutulan qismən dəyişikliklərin layihəsi ilə iclas iştirakçılarını tanış edib. Qeyd edib ki, struktur dəyişikliyi əsasən Qocalmanın biologiyası şöbəsində bioherontologiya sektorunun yaradılması ilə bağlıdır. İnstitutda herontoloji tədqiqatların, o cümlədən yaşla bağlı xəstəliklərin fizioloji və molekulyar genetik tədqiqatlarının daha effektiv aparılması məqsədilə Qocalmanın fiziologiyası laboratoriyası, neyrokimya və görmənin fiziologiyası elmi-tədqiqat qrupları bu sektorun tərkibinə daxil edilib. İclasda Elmi şuranın 2021-ci ilin I yarımili üçün iş planı, magistratura təhsili üzrə attestasiyanın nəticələri müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.