CƏMİYYƏT
Fizioterapevt və reabilitoloqların elmi-praktik seminarı fizioterapiyada müasir texnologiyalara həsr olunub
Bakı, 17 oktyabr, AZƏRTAC
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdindəki Bakı Ürək Mərkəzində "Fizioterapiyada müasir texnologiyalar" mövzusunda elmi-praktik seminar keçirilib.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, fizioterapevt və reabilitoloqların dəvət aldığı seminarda xarici mütəxəssislər də iştirak ediblər.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin tibbi bərpa, reabilitasiya və kurortologiya kafedrasının assistenti, tibb elmləri namizədi, dosent Tatyana Lukyanova “Fizioterapiyada müasir texnologiyalar”, “Baku Clinic”-in Fizioterapiya və reabilitasiya şöbəsinin müdiri Sənan Cəfərov və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş həkimi Vyaçeslav Xomenko “Kliniki hallar” mövzusunda məruzə ilə çıxış ediblər.
Bakı Ürək Mərkəzində yaradılmış şərait, peşəkar mütəxəssislər və müasir tibbi avadanlıqlar vasitəsilə göstərilən xidmət barədə mərkəzin fizioterapiya və reabilitasiya şöbəsinin əməkdaşı Əziz Dəvrişov məlumat verib: “Ölkəmizdə ilk dəfə fizioterapiya və reabilitasiya sahəsində kardioreabilitasiyanın mərkəz şəklində yaradılması xüsusi əhəmiyyət daşıyır. Burada həmçinin disk yırtıqlarının cərrahiyyəsiz müalicəsinin aparılması xüsusilə qeyd edilməlidir. Reabilitasiyanın bütün sahələrinin – nevroloji, ortopedik, kardioloji və pediatrik reabilitasiyanın eyni mərkəzdə cəmləşməsi də Mərkəzi digər tibb müəssisələrindən fərqləndirən cəhətdir. Hədəfimiz ölkədə bütün növ reabilitasiya xidmətlərinin ən yüksək səviyyədə inkişafına nail olmaqdır”.
Həmçinin vurğulanıb ki, fizioterapiya və reabilitasiya şöbəsində cərrahiyyəsiz, dərmansız və keyfiyyətli müalicə həyata keçirilir, bütün xəstələrə fərdi nəzarət olunur. Ən müasir avadanlıqların istifadəsi isə xüsusi olaraq burada tətbiq edilir. Mərkəzdə qeyri-invaziv biocərrahiyyənin ən yeni üsulu olan zərbə-dalğalı terapiya, lazer və tekar terapiya, maqnitoterapiya, akupunktura, manual terapiya və masaj, limfodrenaj kimi yeni üsullar da tətbiq olunur.
Seminar zərbə-dalğalı terapiya və yüksək intensivli lazer üzrə praktik məşğələlərlə davam edib. Müzakirələr zamanı iştirakçıları maraqlandıran suallara cavablar verilib.
Seminarın sonunda iştirakçılara Respublika Müalicəvi Diaqnostika Mərkəzinin hazırladığı “Fizioterapiya və reabilitasiya” broşürü təqdim edilib.