CƏMİYYƏT


Fizioterapiya insan orqanizmini ağır xəstəlikdən sonra bərpa edib, kəskinləşmədən qorunmağa kömək edən müalicə və profilaktik vasitədir

Bakı, 8 sentyabr, AZƏRTAC

Sentyabrın 8-də Beynəlxalq Fizioterapiya Günü qeyd olunur.

Səhiyyə Nazirliyinin nəzdində olan Respublika Uşaq Sanatoriyasının baş həkimi Rauf Qurbanov müsahibə verərək, bu tibb ocağının fəaliyyəti haqqında danışıb.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib.

Uşaq Sanatoriyasının baş həkimi bildirdi ki, fizioterapiya insan orqanizmini ağır xəstəlikdən sonra bərpa edib, kəskinləşmədən qorunmağa kömək edən müalicə və profilaktik vasitədir: “Nəzərə alsaq ki, fizioterapiya təhlükəsiz müalicə üsulu sayılır, bu tibb müalicə və reabilitasiya üsulu xəstə və həkimlər arasında ən sevimli istiqamətlərdən biridir. Onun təsirləri sırasında metabolik proseslərin aktivləşdirilməsi, qan və limfa dövranlarının stimullaşdırılması, ağrıkəsici, spazmalitik, immunostimullaşdırıcı və bərpaedici funksiyaları qeyd etmək olar. Bizim tibb ocağında tətbiq edilən müalicə üslubunda fizioterapiya vacib yerlərdən birini tutur”.

Baş həkimin sözlərinə görə, Uşaq Sanatoriyasında 182 nəfərlik tibbi heyətin uşaqlara ən yüksək səviyyədə tibbi xidmətlər göstərməsi üçün geniş imkan yaradılıb: “Xəzər dənizinin sahilində yerləşən tibb müəssisəsinin əsas məqsədi somatik xəstəliyi olan 2-14 yaş qruplu uşaqların funksional qabiliyyətləri və həyat keyfiyyətinin yaxşılaşdırılması və bərpasıdır. Sanatoriyada əsasən tez-tez soyuqdəyməyə meyilli olan, ürək-damar sisteminin qeyri-aktiv və ya remissiya mərhələsində və neyrosirkulyator distoniyası olan, mədə-bağırsaq və tənəffüs orqanlarının xroniki xəstəlikləri, onurğa sütununun və döş qəfəsinin deformasiyasından əziyyət çəkən, revmatik xəstəlikləri olan uşaqların müalicəsi aparılır. Respublika Uşaq Sanatoriyasının oyun otaqları, üç dəfə yeməklə təmin edən yeməkxanası, camaşırxanası, 100 nəfərlik akt zalı, rahat palataları müasir dizaynla təmir olunub, xüsusi qayğıya ehtiyacı olan uşaqların anaları ilə bərabər qalmağa hər bir şərait yaradılıb. Hazırda burada paytaxtdan və bölgələrdən olan 82 uşaq müalicə alır, lakin keçmiş illərdə bu say yay aylarında tətil ilə əlaqədar 240-a çatırdı. Hazırda COVID-19 pandemiyası ilə bağlı vəziyyəti nəzərə alaraq, bu rəqəmlər azalıb”.

Rauf Qurbanov, həmçinin sanatoriyada həyata keçirilən müalicə proqramı haqqında da məlumat verib. Proqram həkim-pediatrın qəbulu və nəzarəti ilə başlayıb, iqlim terapiya, vanna qəbulu, masaj, fitoterapiya və bədən tərbiyəsi ilə davam edilir. Bunun üçün sanatoriyanın birinci mərtəbəsində elektrokardioqramma (EKQ), fizioterapiya, tədris-təlim, psixologiya, masaj, inhalyasiya, ultrasəs müayinəsi, laboratoriya, vanna otaqları fəaliyyət göstərir: “Sanatoriyada müalicə prosesi 3 mərhələdən ibarətdir. Birinci mərhələ adaptasiya dövrüdür və bu müddət ərzində uşağa heç bir müalicə tətbiq olunmur. Ehtiyac olarsa, müayinə aparılır və son klinik diaqnoz təsdiqlənir. İlkin mərhələdə sakit oyunlardan, adaptasiya məqsədilə iqlim terapiyasından (uşaqların təmiz havada gəzdirilməsi, zəif yük ilə hava vannasından, acıq havada gündüz yuxusunun təşkil edilməsi) istifadə olunur. İkinci tonuslaşma mərhələsində uşağın diaqnozuna uyğun olaraq müalicəvi və sağlamlaşdırıcı tədbirlər həyata keçirilir: ümumi, möhkəmləndirici, nevroloji müalicə, müalicəvi bədən tərbiyəsi, masaj və fizioterapiya. Üçüncü tamamlayıcı mərhələdə uşaq orqanizmindəki aktivlik bərpa olunduğundan sonra, o, ümumi rejimə keçirilir. Üç mərhələli müalicə prosesinin nəticəsində uşaqların immun sistemi güclənir, sağlamlığı möhkəmlənir, fiziki aktivliyi artır, həzm orqanlarının işi normallaşır, il ərzində qrip xəstəliyinə yoluxma riski azalır, sinir sisteminin vəziyyəti sakitləşir”.

Rauf Qurbanov, həmçinin bildirib ki, sanatoriyaya uşaqlar qeydiyyatda olduqları poliklinika tərəfindən verilən Səhiyyə Nazirliyi Sanatoriyasına göndəriş (Forma 076) əsasında qəbul edilir. “Müalicə profilaktika müəssisələrinin həkimləri (sahə pediatrları) şöbə müdirləri, həkim komissiyasının qərarı ilə sanator müalicəyə ehtiyacı olan uşaqlara icrası tələb olunan müayinələr və mütəxəssislərin baxışı siyahısını rəhbər tutaraq, müvafiq göstərişlərə əsasən sanator-kurort kartı verir”, – deyə baş həkim fikrini tamamlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.