CƏMİYYƏT


Flaminqoları görmək istəyənlər Qızılağac Milli Parkını ziyarət edə bilər

Bakı, 19 mart, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbiətin nadir incisi olan və Azərbaycana əsasən qışlamağa gələn flaminqonu görmək istəyən bütün təbiətsevərləri Qızılağac Milli Parkına dəvət edir. Hazırda Qızılağac Milli Parkında 3000-4000 flaminqo qışlayır.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, köçəri və nadir növ olan flaminqo Afrikadan başlayaraq, Orta Şərq, Qafqaz, Avropanın Aralıq dənizi sahillərinə qədər yayılıb. Azərbaycanda Lənkəran, Kür-Araz, Samur-Dəvəçi ovalıqlarının su hövzələrində, Böyük Qızılağac körfəzində, Xəzərin sahil sularında, Naxçıvanda isə Araz çayı sahillərində yayılıb.

Ən stabil qışlama yerləri Qızılağac körfəzi, Abşeron yarımadasının Şıx sahilləri, Dəvəçi limanı, Şirvan, Ağgöl milli parkları, Sarısu və Kür-Araz düzənliyinin iri gölləridir.

Flaminqo koloniya halında yaşayır və yuvasını bitki, heyvan qalıqlarından, yaş torpaqdan qurur.

Hər il Azərbaycana qışlamaq üçün orta hesabla 16000-18000-ə yaxın flaminqo gəlir. Flaminqo növünün qorunub saxlanılması məqsədilə Qızılağac, Şirvan, Abşeron və Ağgöl Milli parkları və su-bataqlıq ərazilərində yasaqlıqlar təşkil edilib. Flaminqo Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilib və ovlanması qadağandır.

Qeyd edək ki, flaminqo Azərbaycanda nadir hallarda yuvalayır. 1955-ci ildə Salyan rayonunda Ağçala gölündə, 1982-ci ildə isə Qızılağac körfəzində kütləvi yuvalaması müşahidə edilib.

Qızılağac Milli Parkı Xəzər dənizinin cənub-qərb sahilində Bakı şəhərindən 180 kilometr məsafədə, Lənkəran, Masallı və Neftçala rayonlarının inzibati ərazisində yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.