CƏMİYYƏT
Floridada ağcaqanad sancmasından 35 adam Zika virusuna yoluxub
Bakı, 19 avqust, AZƏRTAC
Florida ştatının hökumət orqanları bildirirlər ki, bu ərazidə ağcaqanad sancmasından Zika virusuna 35 adam yoluxub.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu məlumat ştatın qubernatoru Rik Skottun dərc edilmiş bəyanatında yer alıb. Bundan əvvəl 30 nəfərin virusa yoluxması barədə xəbər verilib. Florida ABŞ-ın yeganə ştatıdır ki, ərazisində Zika virusu yayılıb. Rəsmi məlumata görə, xəstəliyi ağcaqanadlar yayır.
Əvvəlki məlumatda hökumət orqanları infeksiyanın Mayami şəhərinin məntəqələrindən birində təxminən 2 kv. km ərazidə yayılmasını bildirib. Hazırda xəstəliyin yayıldığı yerlərin sayı, güman ki, artıb. Rik Skottun bəyanatında bildirilir: “Səhiyyə idarəsi Zika virusunun lokal ötürülmə halının mümkün ola biləcəyi Mayami-Deyd və Palm-Biç dairələrinin doqquz məntəqəsində yoxlama keçirir”.
Floridada ağcaqanadların və onların sürfələrinin məhv edilməsi üçün pestisidlərdən və xüsusi vasitələrdən istifadə edilir. Hökumət orqanları, həmçinin sakinlərə həşəratları qaçıran dərmanlar verir.
Zika virusu ilk dəfə 1947-ci ildə Uqandada aşkar edilib. Xəstəliyin əlamətləri temperaturun yüksəlişi, titrəmə, baş ağrıları, oynaqlarda və kürəkdə ağrı, dəridə səpmə, tez yorulmaqdır. Xəstəliyin əlamətlərindən ən ağırı mikrosefaliyadır. Bu xəstəlik kəllə ölçüsünün xeyli azalması, əqli gerilik, görmə və eşitmə problemləri ilə müşayiət olunur.
Virusun daşıyıcısı “Aedes aegypti” ağcaqanaddır. Hazırda xəstəlik Asiya, Afrika, Cənubi və Şimali Amerika, Sakit okean regionlarında qeydə alınıb. Bundan əlavə, virusun nəinki ağcaqanad sancması, həm də cinsi yolla ötürülməsi barədə də məlumat əldə edilib.