DÜNYA
Floridalı dələduz biznesmenlər təqsirkar olduqlarını etiraf ediblər
Vaşinqton, 18 oktyabr, AZƏRTAC
Florida ştatında hər birinin 70 yaşı olan Larisa Xariton və Con Klark ad-soyadlı iki sahibkar immiqrasiya fırıldaqları ilə bağlı əməllərdə təqsirkar olduqlarını etiraf ediblər.
AZƏRTAC xəbər verir ki, bu şəxslərin törətdikləri dələduzluqlar ABŞ-da işləmək hüququ olmayan əcnəbi vətəndaşların guya işə qəbul edilməsi və mənfəət əldə etmək məqsədilə törədilmiş digər müxtəlif cinayətlərlə bağlı olub.
İttihamnamədə göstərilir ki, dələduzlar onlara məxsus olan “Regal Hospitality Solutions LLC” (RHS) şirkəti vasitəsilə əcnəbi vətəndaşları guya işə götürür və həmin şəxslərə iş vizası alacaqlarını vəd edirdilər.
Ədliyyə Departamentinin məlumatına görə, müttəhimlər və onların cinayət yoldaşları qüvvədə olma müddəti sona yaxınlaşan J-1 vizası ilə işləyən vətəndaşlığı olmayan şəxsləri şirnikləndirərək B2 turist vizaları almağa və Amerikada RHS şirkətində işləməyə təşviq edirlərmiş. Hərçənd, onlar bilirdilər ki, turist vizalarına əsasən işə qəbul qanunsuzdur.
Xariton və Klark işçilərindən adından B2 vizası almaq üçün ərizələr hazırlayıb təqdim edir, hər belə ərizə üçün təqribən 650 dollar alırmış. Larisa Xaritonu və Con Klarkı 5 ilə qədər həbs cəzası gözləyir.
Hakimiyyət orqanları ABŞ-a turist vizası ilə gəlmiş əcnəbi vətəndaşları sayıq olmağa və belə fırıldaqlara uymamağa çağırır.
AZƏRTAC-ın Vaşinqton bürosu