SİYASƏT
“Fokus” agentliyi Azərbaycan-Bolqarıstan diplomatik əlaqələrinin 25 illiyinə dair məqalə yayıb
Sofiya, 7 iyun, AZƏRTAC
Bolqarıstanın “Fokus” xəbər agentliyi Azərbaycan və Bolqarıstan arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyinə həsr edilən məqalə yayıb. Məqalədə Bolqarıstanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlər arasında olması, diplomatik əlaqələrin 1992-ci il iyunun 5-də qurulması barədə məlumat verilir. Bildirilir ki, iki ölkə arasında əlaqələrin yeni dinamik inkişaf mərhələsini Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin mayında Bolqarıstana səfəri zamanı ikitərəfli Strateji Tərəfdaşlıq Sazişinin imzalanmasından sonra aydın görmək olar.
Məqalədə qeyd olunur ki, energetika sahəsində “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın, eləcə də Bolqarıstanın enerji təhlükəsizliyini təmin edəcək. Müəllif vurğulayır ki, Veliko Tırnovo şəhərində “Trapezitsa” muzey qoruğunun Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə bərpa edilməsi iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsinə dəlalət edir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya