ELM VƏ TƏHSİL
Folklor İnstitutunda onlayn tədbir: “Oğuznamələrin tarixi əhəmiyyətinin araşdırılması”
Bakı, 21 may, AZƏRTAC
AMEA-nın Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin “Oğuznamələrin tarixi əhəmiyyətinin araşdırılması” mövzusuna həsr olunan onlayn tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, şöbə müdiri, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyev çıxışında Oğuznamələrin xalq düşüncəsinin qorunub saxlanılması, dünya düzəni mənzərəsinin aydın şəkildə təsəvvür edilməsi, haqq-ədalət uğrunda mübarizə tarixinin, insanların həyat şəraitinin və məişətinin öyrənilməsi baxımından böyük əhəmiyyətə malik olduğunu deyib.
Müzakirədə AMEA-nın Naxçıvan bölməsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Hüseynzadə “Oğuz toponimikası və onun tarixi əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə “Kitabi-Dədə Qorqud” eposu da daxil olmaqla Oğuznamələrin mətnində rast gəlinən toponimik vahidlərin coğrafi ərazinin müəyyən edilməsinə geniş imkanlar açdığı əsaslandırılıb. Həmçinin Naxçıvan Muxtar Respublikası ərazisində qorunub saxlanılan bir çox yer adlarının Oğuznamə mətnlərində rast gəlinən yer adları ilə üst-üstə düşməsi faktlarına xüsusi diqqət yetirilib və bəzi toponimlərin etimologiyası izah olunub.
Tədbirdə filologiya elmləri doktoru İslam Sadığın, aparıcı elmi işçilər Fidan Qasımovanın, Xəyalə Ağayevanın çıxışları məruzədə irəli sürülən tezislərin daha da inkişaf etdirilməsinə yönəldilib.
Sonda məruzənin məqalə formasında çapı məsləhət görülüb.