ELM VƏ TƏHSİL


Folklor İnstitutunda professor Cəlal Qasımovun həyat və yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilib

Bakı, 15 yanvar, AZƏRTAC

AMEA-nın Folklor İnstitutunda “Həyatını milli yaddaşın oyanışına həsr etmiş alim” mövzusunda elmi sessiya keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi sessiya professor Cəlal Qasımovun həyat və yaradıcılığına həsr olunub.

Tədbiri institutun baş direktoru akademik Muxtar İmanov açaraq görkəmli alim Cəlal Qasımovun elmi fəaliyyətinin bütün mərhələlərində milli yaddaşımızın oyanışı, milli ruhda böyüməyimiz və yaşamağımız uğrunda mübarizə apardığını söyləyib. Qeyd edib ki, arxiv materiallarını üzə çıxarmaq, onu sistemli şəkildə təhlil etmək, elmi müstəviyə gətirmək, xalqın taleyi ilə bağlamaq, yüksək elmi və milli istiqamətli təhlillərdən keçirmək hər mütəxəssisin işi deyil. Bu nadir xidmət məhz Cəlal Qasımovun qismətinə düşüb. Cəlal Qasımov ədəbiyyat və folklorumuzun, Azərbaycanın ictimai-siyasi və mənəvi tarixinin müxtəlif sahələri ilə bağlı 30-dan çox dəyərli kitab ortaya qoyub.

Professor Seyfəddin Rzasoy “Azərbaycan folklorşünaslığının fədaisi” mövzusunda məruzəsində Cəlal Qasımovun çox ağır bir sahənin tədqiqi ilə məşğul olduğunu, 1937-ci il qurbanlarının, o ağrılı dövrün həm siyasi, həm də tarixi baxımdan öyrənilməsinin metodologiyasını verdiyini diqqətə çatdırıb. Məruzəçi Cəlal Qasımovu respressiyaşünaslıqda yeganə alim kimi xarakterizə edib. Bildirib ki, o, həm də folklorşünaslığa, folklorşünaslıq tarixinin öyrənilməsinə alim etikası gətirib və bu etikanı metodoloji konseptə çevirə bilib.

Filologiya elmləri doktoru Ramazan Qafarlı “Cəlal Qasımov: böyük insan, əsl ziyalı, ədəbiyyat və elm fədaisi” mövzusunda məruzəsində görkəmli alimin bütün nəsillərə örnək ola biləcək şəxsiyyət olduğunu vurğulayıb. Qeyd edib ki, Cəlal Qasımovun çoxşaxəli fəaliyyəti gələcəkdə həm ədəbiyyatşünas, folklorşünas, həm də tarixçi kimi ayrıca tədqiq olunacaq. O, ədəbiyyatımızın, folklorşünaslığımızın və tariximizin qaranlıq səhifələrinə işıq salmaqla böyük irs qoyub gedib və bu əsərlər həmin sahələrin qızıl fonduna daxil olmağa layiqdir.

Dosent Tahir Orucov “Azərbaycan repressiyaşünaslığının sonuncu mogikanı” mövzusunda çıxış edib. Diqqətə çatdırılıb ki, Cəlal Qasımov repressiya problemlərinə həsr olunmuş qiymətli tədqiqatları, eləcə də Azərbaycan ədəbiyyatşünaslığının ayrı-ayrı məsələləri haqqında yazdığı dəyərli əsərləri ilə ədəbi ictimaiyyət arasında tanınıb. Tahir Orucov alimin əksər qiymətli monoqrafiyalarının bilavasitə repressiyaşünaslıq məsələlərinə həsr edilən dəyərli tədqiqatlar olduğunu bildirib. Vurğulanıb ki, Cəlal Qasımov bu monoqrafiyalarında XX əsrin 20-50-ci illərində bolşevik rejiminin Azərbaycanda törətdiyi qanlı repressiyalarının mənzərəsini təsvir edib. Repressiya qurbanları olan Firidun bəy Köçərli, Hüseyn Cavid, Hənəfi Zeynallı, Vəli Xuluflu, Salman Mümtaz, Yusif Vəzir Çəmənzəminli, Bəkir Çobanzadə, Əmin Abid, Bəhlul Bəhcət kimi onlarla görkəmli sənətkarın faciəli həyatını təsvir etməklə yanaşı, onların ədəbi-nəzəri görüşlərini də hərtərəfli şəkildə təhlil edib.

Şair-publisist Mahir Cavadov isə “Tariximizin qaranlıq səhifələrinə aydınlıq gətirən işıqlı adam” mövzusunda məruzəsində alimin elmə böyük dəyər verdiyini söyləyib. Cəlal Qasımovun xeyli gizli qalmış sənədləri üzə çıxardığını, bu sahədəki gərgin axtarışlarını sessiya iştirakçılarının nəzərinə çatdırıb. Qeyd edib ki, Cəlal Qasımov elmə repressiyaşünaslıq mövzusunu gətirib və onun yaradıcılığı böyük tədqiqatların mövzusu olacaq.

Elmi sessiyada çıxış edənlər Cəlal Qasımovla bağlı xatirələrini bölüşüblər.

Sonda tanınmış ziyalının həyat yoldaşı Sevda Qasımova və oğlu Fuad Qasımov tədbirin iştirakçılarına və institut rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.