ELM VƏ TƏHSİL
Folklor İnstitutunda uğurlu elmi-tədqiqat işləri aparılır
Bakı, 12 avqust, İbrahim Əsədov, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda uğurlu elmi-tədqiqat işləri aparılır.
Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini Oruc Əliyev AZƏRTAC-a müsahibəsində bildirib ki, cari ilin ötən müddəti ərzində müəssisədə folklorumuza dair geniş elmi araşdırmalar aparılıb, müxtəlif adlarda monoqrafiyalar, kitab və jurnallar, o cümlədən “Şəki folklor örnəkləri” (3-cü kitab), “Azərbaycan folklorunda tolerantlıq və multikulturalizm” kitabları nəşr olunub.
Elmi araşdırmaların uğurla davam etdirildiyini deyən O.Əliyev qeyd edib ki, hazırda 15-dən çox monoqrafiya və kitab çapa hazırlanır. Onlardan institutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlunun “Azərbaycan folklorunda gülüşün genezisi və poetikası” (monoqrafiya, rus dilində), həmçinin “Folklor və yazılı ədəbiyyat” (2-ci kitab), “Qarabağ: folklor da bir tarixdir” (10-cu kitab), “Gədəbəy folklor örnəkləri” (1-ci kitab), “CMOMPK toplusunda Azərbaycan folkloru” (1-ci kitab), “İnanclar kontekstində ocaqlar və pirlər” kitabları xüsusilə önəmli mövzulara həsr olunur.
Nəşrlərdə xalqımızın zəngin folklor nümunələri və bu sahədə aparılan elmi araşdırmaların nəticələri öz əksini tapacaq.
Bu il ilk dəfə olaraq “Arxetip” jurnalının nəşrinə başlanması da nəzərdə tutulub.