ELM VƏ TƏHSİL
Folklor İnstitutunun direktoru beynəlxalq simpoziumda mükafatlandırılıb
Bakı, 9 oktyabr, AZƏRTAC
Qırğızıstanın Karakol şəhərində Türk Əməkdaşlıq və İnkişaf Agentliyinın (TİKA) himayədarlığı ilə keçirilən “Türk xalqlarının türkcə ilk yazılı əsərləri” mövzusunda beynəlxalq simpoziumda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov və həmin elmi müəssisənin xarici əlaqələr bölməsinin müdiri Əli Şamil təmsil ediblər.
Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, simpoziumda Muxtar İmanov “Kitabi-Dədə Qorqud” boylarında iki motivin ritual-mifoloji kökləri”, Əli Şamil isə “Qutadqu-bilik” ədəbi abidəsinin Azərbaycanda tanıdılmasında və Avropa metodları ilə araşdırılmasında Əmin Abidin rolu” mövzularında məruzələrlə çıxış ediblər.
Simpoziumda TİKA tərəfindən bir neçə elm adamı ilə yanaşı, Muxtar İmanova da “Türk dünyasının mədəniyyətinə xidmət” mükafatı təqdim olunub.
Beynəlxalq tədbirdə türk xalqlarının “Qutadqu-bilik”, “Divani lüğət-it-türk”, “Ətabətül-həqayiq”, “Kitabi-Dədə Qorqud” ədəbi abidələrini dil, etnoqrafiya, folklor, mətnşünaslıq, ədəbiyyatşünaslıq və digər istiqamətlərdə araşdıran alimlərin maraqlı məruzələri dinlənilib.