ELM VƏ TƏHSİL
Folklor İnstitutunun doktorantura və dissertanturasına qəbulun nəticələri açıqlanıb
Bakı, 23 yanvar, AZƏRTAC
AMEA-nın Folklor İnstitutu elmi şurasının növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclası elmi müəssisənin direktoru, akademik Muxtar İmanov açaraq 2018-ci ildə görülmüş işləri dəyərləndirib, builki fəaliyyət istiqamətlərini müəyyənləşdirib.
Gündəlikdəki birinci məsələ – Folklor İnstitutunun elmlər doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturasına qəbulun nəticələri barədə elmi katib, filologiya üzrə fəlsəfə doktoru Elçin Abbasov məlumat verib. Doktoranturaya Aytac Abbasova (türk xalqları ədəbiyyatı ixtisası) və Tahir Nəsib (folklorşünaslıq ixtisası), dissertanturaya isə Nail Qurbanov (türk xalqları ədəbiyyatı ixtisası) və Ülkər Əliyeva (folklorşünaslıq ixtisası) qəbul olunublar.
Folklor İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə dissertanturasına qəbulun nəticələri də açıqlanıb. Rada Abbasovanın türk xalqları ədəbiyyatı, Nigar Zeynalova və Əsmər Veyisovanın folklorşünaslıq ixtisasları üzrə dissertanturaya qəbulu təsdiqlənib.
Sonra institutun musiqi folkloru şöbəsinin əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmalə Atakişiyeva “Cəlili” aşıq havasının təhlili” mövzusunda məruzə edib.
Sonda M.İmanov “Dədə Qorqud” jurnalının fəaliyyətinin yüksəldilməsi haqqında məsələni gündəmə gətirib. Jurnalın ildə 4 dəfə nəşr olunması və orada ingilis və rus dillərində məqalələrin çapına icazə verilməsi qərara alınıb.
Bununla da elmi şura öz işini yekunlaşdırıb.