ELM VƏ TƏHSİL


Folklor resurslarından istifadə etməklə kibercinayətkarlığa qarşı mübarizə metod və alqoritmləri işlənilir

Bakı, 26 fevral, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin növbəti elmi seminarı “Zoom Meeting” proqramı vasitəsilə keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi seminar şöbəyə təhkim olunmuş dissertant Səadət Məmmədovanın “Folklor resurslarından istifadə etməklə kibercinayətkarlığa qarşı mübarizə metod və alqoritmlərinin işlənməsi” mövzusunun və bu şöbənin əməkdaşları, doktorant və dissertantlarının 2021-ci ildə elmi fəaliyyətləri ilə bağlı görüləcək işlərin müzakirəsinə həsr olunub.

Məruzəni təqdim edən AMEA-nın Naxçıvan bölməsinin dissertantı S.Məmmədova qeyd edib ki, insanlar internetə geometrik məlumatlarla, yəni üz cizgiləri və barmaq izləri ilə deyil, IP-ünvan vasitəsilə daxil olurlar. Buna baxmayaraq, son zamanlar əksəriyyətin istifadə etdiyi VPN tətbiqləri ilə qarşıdakı şəxsə saxta IP-ünvanı ötürmək mümkündür ki, bu da virtual məkanda kibercinayətkarlığın geniş yayılmasına imkan yaradır. Müvafiq istiqamətdə aparılmış tədqiqatlara istinad edərək, folklorun informasiya təhlükəsizliyində mühüm rol oynaya biləcəyini demək olar. İnformasiya təhlükəsizliyinin təmin edilməsində folklorun verdiyi unikal imkanları müxtəlif aspektlərdən dəyərləndirmək mümkündür. Fərd mənsub olduğu sosial qrupun folklorik portretini işarələyir, onun peşə, dünyagörüşü, kollektiv maraq spesifikasını təcəssüm etdirir. Folklor milli obraz kimi insanların spesifik cizgilərini əks etdirən güzgüdür. Folklor faktı arxasında müəyyən bir informasiya və mesaj dayanır.

S.Məmmədova kibercinayətkarlığın növləri, kiberhüquq, kibertəhlükəsizlik haqqında ətraflı məlumat verərək müvafiq nümunələri seminar iştirakçılarının diqqətinə çatdırıb.

Elmi müəssisənin direktoru, AMEA-nın vitse-prezidenti, şöbənin rəhbəri, akademik Rasim Əliquliyev müasir texnologiyalar vasitəsilə müxtəlif əlamətlərə görə (cinsi, yaşı, sifət cizgiləri və s.) cinayətkarların tanınmasının, folklor resurslarından istifadə etməklə cinayətkarların kimliyinin müəyyənləşdirilməsinin mühüm məsələ olduğunu bildirərək tədqiqat işinin aktuallığından söz açıb. Məsələnin həm də mədəni irsin qorunmasında böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Alim qeyd edib ki, folklor resurslarından istifadə etməklə kibercinayətkarlığa qarşı mübarizə ilə bağlı araşdırma aparan tədqiqatçı ilk növbədə, virtual məkanda təhlükəsizlik, kibercinayətkarlıq və onun növləri, kibercinayətkarlıqla mübarizə üsullarına dair bütün zəruri biliklərə malik olmalıdır. Rəqəmsal folklor, onun strukturu, səviyyələri, növləri, bazaları, informasiya resursları dərindən tədqiq edilməlidir. Müvafiq sahə üzrə beynəlxalq təcrübə öyrənilməli, inkişaf etmiş ölkələrdə bu istiqamətdə aparılan tədqiqatlar, çağırışlar, qəbul olunmuş hüquqi-normativ sənədlər, bəyannamələr araşdırılmalıdır.

“Cinayətkarlar kimliklərini gizlətmək üçün müasir texnologiyaların imkanlarından məharətlə istifadə edirlər. Lakin folklorun saxtalaşdırılması, folklorik portretin dəyişdirilməsi indiki dövrdə belə qeyri-mümkündür. Bu səbəbdən folklordan istifadə etməklə kibercinayətkarlara qarşı daha səmərəli şəkildə mübarizə aparmaq olar”, – deyə akademik vurğulayıb. Qeyd edib ki, kibercinayətkarlığa qarşı mübarizə üçün ən səmərəli yollardan biri də folklor psixologiyasının araşdırılması, folklorun rəqəmsallaşdırılması, strukturlaşdırılması, təsnifatı nəticəsində müvafiq dendroqramın qurulmasıdır. İntellektual folklor filterinin qurulması və istifadəçilərin bu filterdən keçməsi sayəsində cinayətkarın kimliyinin müəyyənləşdirilməsi, onun tanınması bu işin əsasını təşkil edir.

İnstitutun direktoru tədqiqat işinin elmiliyinin artırılmasının əhəmiyyətini vurğulayıb: “Məqsədimiz folklor nümunələrinin toplanması deyil, ümumi metodoloji cəhətdən dendroqramın qurulması, müvafiq sahəyə dair zəruri biliklərdən istifadə etməklə rəqəmsal folklor informasiya sisteminin yaradılmasıdır. Bu sistem əlçatan mühitdə yerləşdirilməli, müəyyən praktiki müstəviyə gətirilməlidir ki, ondan folklorşünaslar, informasiya-kommunikasiya texnologiyaları mütəxəssisləri, diplomatlar, politoloqlar, kulturoloqlar və s. kimi müxtəlif peşə nümayəndələri rahatlıqla istifadə edə bilsinlər”.

Akademik R.Əliquliyev dissertasiya mövzusunun şöbə seminarlarında müzakirə olunmasının, institutun alim və mütəxəssislərinin irad, rəy və təkliflərinin tədqiqat işində nəzərə alınmasının önəmini vurğulayıb.

Sonra məruzəyə dair fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr irəli sürülüb.

Şöbənin əməkdaşları, doktorant və dissertantlarının cari il üzrə elmi fəaliyyətləri ilə bağlı görüləcək işlər müzakirə olunub. Onlar elmi-tədqiqat işlərinin davam etdirildiyini diqqətə çatdırıblar.

Şöbənin rəhbəri, akademik Rasim Əliquliyev şöbənin əməkdaşları, doktorant və dissertantlarının elmi fəaliyyətləri ilə bağlı təkliflərini səsləndirib. Alim şöbədə aparılan elmi-tədqiqat işləri üzrə araşdırmaların daha da intensivləşdirilməsi və dərinləşdirilməsini tövsiyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.