ELM VƏ TƏHSİL
“Folklorda metaforik düşüncənin semantikası” mövzusunda respublika elmi konfransı keçirilib
Bakı, 22 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Folklor İnstitutunun təşkilatçılığı ilə “Folklorda metaforik düşüncənin semantikası” mövzusunda respublika elmi konfransı keçirilib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə AMEA-nın Folklor, Fəlsəfə, Arxeologiya və Etnoqrafiya institutlarının əməkdaşları, respublikanın ali təhsil müəssisələrinin müəllim və tələbə kollektivi, doktorant və dissertantlar, o cümlədən KİV-lərin nümayəndələri iştirak ediblər.
Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov qeyd edib ki, konfransın həsr olunduğu mövzu müasir folklorşünaslığın olduqca aktual istiqamətlərindən birini təşkil edir. Mövzunun aktuallığı, ilk növbədə, onunla şərtlənir ki, folklorun metaforik düşüncə kontekstində araşdırılması ona bütöv bir sosial-mədəni təsisat kimi daha sistemli yanaşmanı təmin etmiş olur. Atalar sözləri, tapmacalar, nağıl və lətifələr, əslində, gerçəkliyin metaforik-simvolik təzahürü kimi özündə dərin məna qatlarını ifadə edir. Həmin mənaların araşdırılması folklora metaforik düşüncə kontekstində yanaşma əsasında mümkündür. Diqqətə çatdırılıb ki, son illər Azərbaycan folklorşüaslığında bu istiqamətdə maraqlı tədqiqatlar aparılır.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, professor Rüstəm Kamal “Kitabi-Dədə Qorqud” eposunda nitq janrları və ritual davranışın semantikası” mövzusunda çıxış edib. O bildirib ki, “Kitabi-Dədə Qorqud” kommunikativ hadisələrin, nitq aktlarının və ya nitq janrlarının təsvir olunduğu poetik sistemdir. “Kitabi-Dədə Qorqud” bütövlükdə ilkin janrlardan yaranmış, müvafiq etnik ənənədə mövcud olmuş mürəkkəb nitq janrıdır, etiket janrıdır. Nitq janrlarının bir sistem kimi öyrənilməsi M.M.Baxtinin nitq janrları nəzəriyyəsinin və C.Ostinin performativlik nəzəriyyəsinin araşdırmaya tətbiqini mümkün edir.
AMEA-nın Fəlsəfə İnstitutunun idrak nəzəriyyəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Füzuli Qurbanov “Folklorda metaforik düşüncəyə fəlsəfi yanaşma” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi metafora anlayışına Aristotelin baxışını diqqət mərkəzinə gətirib. O qeyd edib ki, Aristotelə görə metafora növdən cinsə, cinsdən növə və ya növdən növə, cinsdən cinsə keçirilən və ona xas olmayan addır. Bu, ümumi tərifdir və bütövlükdə metaforanın fəlsəfi aspektini ifadə edir. Hər bir sahədə metaforanın özünəməxsus funksional özəlliyi vardır.
Alim metafora anlayışının folklorda kəsb etdiyi özəllikdən danışıb. Bildirib ki, folklorda metafora həm fikir gedişatına, həm də məqsədə aid olur. Bu zaman metafora folklor düşüncəsində ifadə edilməli olan əsl mənanın semantik “örtüyü” funksiyasını yerinə yetirir. Bu özəllik folklor düşüncə tərzini cəlbedici və sosial-mədəni baxımdan faydalı edir.
Bakı Dövlət Universitetinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Kəmalə İslamzadə “Folklorda “Qocaların öldürülməsi” beynəlxalq süjetinin tarixi və etnoqrafik semantikası” mövzusunda məruzə edib. Məruzəçi “Qocaların öldürülməsi” süjetindən geniş bəhs edərək süjetin yaranmasının ictimai-tarixi səbəblərindən, bu barədə mənbələrdə öz əksini tapmış faktlardan bəhs edib. Bildirilib ki, bu süjet üzərində meydana gəlmiş bir neçə Azərbaycan nağılında onun müxtəlif modifikasiyaları vardır. Həmçinin bu nağılların rus, Ukrayna, Belarus xalqlarındakı analoqları ilə müqayisəsi motivlərin süjetyaratma potensialının nümayişi baxımından maraqlıdır. “Qocaların öldürülməsi” süjetinin “Can əvəzinə can” beynəlxalq süjeti ilə kəsişən məqamları barədə mülahizələr qədim ibtidai adətin rudimentlərinin ikincidə semiotik işarələr şəklində mövcudluğunu təsdiqləyir. Məruzədə qocaların öldürülməsi adətinin metaforik semantikası əcdad kultu və “o biri dünyaya yola salınma” ritualı ilə əlaqəli şəkildə konkret nümunələr əsasında geniş şərh olunub.
Sonra Folklor İnstitutunun mifologiya şöbəsinin aparıcı elmi işçisi, dosent Şakir Albalıyev “Metaforik düşüncə xalq ruhunun təyinedici faktoru kimi” mövzusunda məruzə ilə çıxış edib. Müəllif bildirib ki, folklor mətnlərində dil öz ifadə imkanlarını mənsub olduğu xalqın zəngin təfəkkürü hesabına bədii təxəyyülün imkanları nisbətində genişləndirir və mövcud olan söz həmin xalqın sözə verdiyi dəyər ölçüsündə öz sahə intervallarını şaxələndirir. Dil təfəkkür hadisəsidir və o dildə danışan xalq da öz obrazlı dünyadərkinin, bədii təxəyyülünün və idrak ölçülərinin miqyasında söz vasitəsilə fikrin zəngin qatlarını açıb göstərir. Qeyd edilib ki, metaforik düşüncə işığının inikası kimi təzahür edən söz içində söz vasitəsilə xalqımız həyatı müdrikcəsinə anlamış bir mütəfəkkir kimi çıxış edir.
Sonda məruzələr ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Çıxış edənlər mövzunun aktuallığını, Azərbaycan folklorunun öyrənilməsi baxımından əhəmiyyətini, bu istiqamətdə tədqiqatların davam etdirilməsinin vacibliyini vurğulayıblar.