ELM VƏ TƏHSİL
Folklorşünas alimin araşdırma yazısı Türkiyə mətbuatında işıq üzü görüb
Bakı, 13 may, AZƏRTAC
AMEA Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmlinin elmi məqaləsi Türkiyənin “Kültür Evreni” dərgisində dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, araşdırma yazısında tanınmış tədqiqatçı-alim Əli Şamilin “Qaşqaylar və onların folkloru” kitabından bəhs edilir. Yazıda Əli Şamilin qaşqay türklərinin həyat və fəaliyyəti, yaşadıqları tarixi yerlər, bu türk toplumunun müasir dövrümüzdəki problem və qayğıları, milli-mənəvi dəyərlərinin qorunub saxlanılması yolunda fədakarlıqları barədə təəssüratları, aparılan araşdırmaların təhlili məsələləri önə çəkilib. Məqalədə qeyd edilir ki, öz mübarizliyi, əzmkarlığı, şücaətləri ilə seçilən qaşqaylar əsas etibarilə İranın güney ərazilərində yaşayırlar. Qaşqay türklərinin nümayəndələri öz qədim dil, ləhcə, adət-ənənə, folklor, ailə-məişət, mərasim qayda-qanunlarını qoruyub saxlasalar da, ana dilini unudanlar da az olmayıb. Bununla belə, həmin qəbildən olan qaşqaylar da öz milli kimliyini unutmur, qaşqay olduqları ilə qürur duyurlar.
Məqalədə bildirilir ki, qaşqay türklərinin öz doğma türk dünyasına yenidən və layiqincə təqdim olunması yolunda yorulmaz tədqiqatçı-alimimiz Əli Şamilin “Qaşqaylar və onların folkloru” adlı mükəmməl araşdırmasının müstəsna rolu olacaq.