ELM VƏ TƏHSİL
Folklorşünas alimin on cilddən ibarət əsərlərinin birinci cildi çapdan çıxıb
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyevin on cilddən ibarət əsərlərinin birinci cildi işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, “Romantizmin nəzəriyyəsi” adlanan birinci cildin elmi redaktoru və “Ön söz”ün müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, tərtibçisi isə filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Qasımovadır.
Birinci cilddə XX əsr Azərbaycan romantikləri Məhəmməd Hadinin, Hüseyn Cavidin, Abbas Səhhətin, Abdulla Şaiqin ədəbi-nəzəri görüşlərinin təhlilinə həsr edilmiş tədqiqatlar yer alıb. Bundan başqa, Azərbaycan romantiklərinin dünyagörüşünün formalaşması, romantik ədəbiyyat və sənətkar problemi, romantiklərin yaradıcılığının folklorla əlaqələri geniş araşdırılıb.
Romantiklərin bədii yaradıcılıqları ilə ədəbi-nəzəri görüşləri arasındakı vəhdətin aşkara çıxarılması tədqiqatın əsas elmi nəticəsi kimi dəyərləndirilib.
Müəllifin romantizmin nəzəriyyəsinə dair araşdırmaları birinci cildə həm Azərbaycan, həm də rus dillərində daxil edilib.