İDMAN


Formula-1 Avropa Qran-pri yarışı ilə əlaqədar Sofiyada təqdimat keçirilib

Sofiya, 16 iyun, AZƏRTAC 

İyunun 17-19-da Bakıda keçiriləcək Formula-1 Avropa Qran-pri yarışının Azərbaycanın Bolqarıstandakı səfirliyində təqdimatı təşkil edilib. Sofiyanın Beynəlxalq Qadınlar Klubunun üzvləri üçün keçirilən tədbirdə çıxış edən səfir Nərgiz Qurbanova yarış barədə məlumat verib. O, Bakı Şəhər Halqasının Formula-1 sezonunda ən uzun trek olduğunu bildirib. Bakı Şəhər Halqasının əhatə etdiyi məkanlar barədə məlumat verən N.Qurbanova “Start” və “Finish” xətlərinin Azadlıq meydanında olacağını qeyd edib. Halqaya daxil olan məkanlar arasında “İçərişəhər” tarixi-memarlıq qoruğunu xüsusilə qeyd edən səfir qoruğun UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edildiyini vurğulayıb. Bundan əlavə, trekin ən geniş yerinin 13 metr, ən dar hissəsinin isə İçərişəhər ətrafında 7,6 metr təşkil edəcəyi diqqətə çatdırılıb. Səfir yarışları ümumilikdə 30 minə yaxın tamaşaçının eyni anda tribunalardan canlı izləyə biləcəyini söyləyib. O, Azərbaycanın Formula-1-ə bundan sonra növbəti 4 il də ev sahibliyi edəcəyini diqqətə çatdırıb. Eyni zamanda, yarış çərçivəsində müxtəlif əlavə tədbirlərin keçiriləcəyini, dünya şöhrətli musiqiçilər, həmçinin aparıcı brendləri təqdim edən geyim və aksessuar evlərinin nümayəndələrinin ölkəmizə səfər edəcəyini söyləyib.

Səfir Azərbaycanın müxtəlif idman yarışlarına ev sahibliyi etməsi barədə də danışaraq ölkəmizdə cari il Ümumdünya Şahmat Olimpiadası, 2017-ci ildə İslam Həmrəylik Oyunları kimi beynəlxalq idman tədbirlərinin keçiriləcəyi barədə məlumat verib. Azərbaycanda mövcud olan multikultural mühit barədə söhbət açan N.Qurbanova cari ilin aprel ayında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirildiyini diqqətinə çatdırıb. Səfir, həmçinin Azərbaycanı ikinci böyük şəhəri olan Gəncənin bu il ilk dəfə Avropa İttifaqına üzv olmayan ölkənin şəhəri kimi “Avropa Gənclər Paytaxtı” elan edildiyini bildirib.

Sonda Formula-1 Avropa Qran-pri yarışı ilə bağlı videoçarx nümayiş olunub.

Tədbirdə qonaqlara Formula-1 və “Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” ilə bağı nəşrlər təqdim edilib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.