İDMAN
Formula-1 Avropa Qran-prisi Hindistan və Şərqi Asiya ölkələrində maraqla izlənilib
Bakı, 20 iyun, AZƏRTAC
Azərbaycanın paytaxtı Bakıda keçirilən dünya əhəmiyyətli mötəbər idman yarışı Formula-1 Avropa Qran-prisi Hindistan və Şərqi Asiya ölkələrində də maraqla izlənilib. Koreya Respublikası, Vyetnam, Tailand və Hindistan idmansevərləri avtomobil idman növləri içində ən həyəcanlı yarış hesab olunan Formula-1-i efir vasitəsilə izləyiblər. Bundan başqa, həmin ölkələrin kütləvi informasiya vasitələri mövzunu diqqətdə saxlayaraq video, foto və yazılı xəbərlər və reportajlar yayıblar.
Xəbər və reportajlarda bildirilir ki, Olimpiya Oyunları və futbol üzrə dünya çempionatından sonra ən çox tamaşaçı auditoriyası olan Formula-1 xəritəsinə yeni əlavə edilən Bakı son illər bir çox nüfuzlu idman tədbirlərinə ev sahibliyi edib. Almaniyalı Herman Tilke tərəfindən layihələndirilən Bakı trekinin Monte-Karlo, Melburn, Monako və Sinqapur kimi şəhərlər içində olması vurğulanır. Bildirilir ki, Bakıda keçirilən yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edir, şəhərin ən qədim hissəsi olan və UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən İçərişəhər Tarix-Memarlıq Qoruğunun ətrafında dövr edirdilər. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərin tam simasını görmək imkanı qazanmışdılar.
Materiallarda Formula-1 Avropa Qran-prisində pilotların mübarizəsindən söz açılır, “Mercedes”in almaniyalı pilotu Niko Rosberqin qələbəsi ilə başa çatan yarışın yüksək səviyyədə təşkil olunduğu bildirilir.