İDMAN


Formula-1 Avropa Qran-prisini 187 ölkədə 500 milyondan çox azarkeş izləyib

Bakı, 20 iyun, AZƏRTAC 

“Küləklər şəhəri” Bakı iyunun 17-19-da sürət, adrenalin və həyəcan yarışı olan Formula-1 üzrə dünya çempionatının 8-ci mərhələsinə - Avropa Qran-prisinə ev sahibliyi etdi. Dünyanın ən nüfuzlu idman turnirlərindən olan Formula-1, eyni zamanda, televiziya vasitəsilə ən çox izlənilən yarışlardandır. Bu yarışlar tamaşaçı auditoriyasına görə, Olimpiya Oyunları və futbol üzrə dünya çempionatlarından sonra üçüncü yeri tutur.

AZƏRTAC xəbər verir ki, Bakıda keçirilən Formula-1 Avropa Qran-prisi yarışlarını dünyanın 187 ölkəsində 500 milyondan çox azarkeş televiziya vasitəsilə izləyib. Dünyanın ən elit idman növlərindən sayılan Formula-1 yarışlarının yayım hüququ “Formula One Management” şirkətinə məxsusdur. Şirkət yayım hüququnu müxtəlif ölkələrə və televiziya kanallarına kommersiya şərtləri əsasında satır. Hər bir ölkədə yarışa maraq göstərən televiziya kanalı hüququ almaq üçün müəyyən miqdarda vəsait ödəyərək yayımın sahibi olur. Bu mənada Azərbaycandakı Formula-1 həvəskarlarının bəxti gətirib. Formula-1 üzrə dünya çempionatının mərhələ yarışları məhz yerli telekanallarımız vasitəsilə tamaşaçılara təqdim edilib.

Hazırda Formula-1 üzrə dünya çempionatının tamaşaçı auditoriyası bütün qitələri əhatə edib. Amerika, Avropa, Avstraliya, Asiya və Afrika ölkələrinin televiziya kanalları yarışları müntəzəm yayımlayıblar. Bu, Bakı Avropa Qran-prisinin dünyaya nümayiş olunmasına imkan verib. Beş yüz milyon televiziya tamaşaçısı Avropa Qran-prisində dünyanın ən güclü pilotlarının mübarizəsini izləməklə yanaşı, şəhərimizin gözəlliyi ilə tanış olub, müasirliklə qədimliyin simvollarını özündə birləşdirən Bakı haqqında geniş məlumat əldə edib.

Formula-1 yarışlarını təqdim edənlərdən ABŞ-ın, Böyük Britaniyanın, Kanadanın, Fransanın, İspaniyanın, Avstraliyanın, Braziliyanın, Portuqaliyanın, Almaniyanın, İtaliyanın, Cənubi Afrika Respublikasının, Rusiyanın, Yaponiyanın, Polşanın, Hindistanın məşhur kanallarını qeyd etmək olar. Həmin kanallar Bakı Qran-prisini yayımlamaqla yanaşı, paytaxtımıza həsr olunan 200-ə yaxın reportaj və materiallar hazırlayıb. Bu materiallarda Bakının yarışlara yüksək səviyyədə hazırlığı və təşkilatçılıq bacarığı, şəhərimizin füsunkar gözəlliyi, Azərbaycanın beynəlxalq nüfuzlu yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi, qədim tarixi abidələrimiz, həmçinin xalqımızın zəngin mədəniyyəti, qonaqpərvərlik ənənələri və milli mətbəximizin ləzizliyi qeyd olunub. Bu da sürətlə inkişaf edən ölkəmizin siyasi, mədəni, həmçinin iqtisadi gücünün dünyada bir daha nümayiş olunmasına imkan verir.

Yarım milyarda yaxın insanın televiziya vasitəsilə birbaşa izlədiyi yarışların keçirildiyi məkan şəhər halqası olduğundan onlar təkcə avtomobilləri deyil, inkişaf etmiş Bakının gözəlliyini ətraflı görə biliblər. Yarışı izləyənlərin əhatə dairəsini də nəzərə alsaq, təbliğatın arealı milyardlarla ölçülə bilər.

Formula-1 Azərbaycanı dünyaya tanıtmaq üçün ən yaxşı fürsətdir. Bu isə siyasi, iqtisadi və mədəni dividendləri on illər üçün hesablana bilən tendensiyanın başlanğıcıdır. Formula-1 yarışı ölkəmizin təbliği, eləcə də turistlərin cəlb edilməsi baxımından ideal imkan yaratdı.

Beləliklə, Formula-1 Avropa Qran-prisi də ilk Avropa Oyunları kimi yaddaşlarda qalacaq, Azərbaycanın bu yarışları yüksək səviyyədə təşkil etməsi hələ uzun zaman müzakirə mövzusu olacaq. Maraqlı məqamları, həyəcanı, mədəni proqramları, paytaxtımızın gözəlliyi və möhtəşəmliyi isə unudulmaz tarixə çevriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.