İDMAN


Formula-1 Avropa Qran-prisinin əyləncə proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb

Bakı, 19 iyun, Səxavət Quliyev, AZƏRTAC 

İyunun 19-da Formula-1 Avropa Qran-prisi başa çatdıqdan sonra “Formula-1 Şəhərciyi”ndə maraqlı əyləncə proqramı keçirilib.

AZƏRTAC xəbər verir ki, möhtəşəm avtomobil yarışında yüksək adrenalin yaşayan azarkeşlər idman mübarizəsindən sonra gözəl musiqilərin sədası altında əyləniblər. Yarış həftəsonu başa çatarkən dünyanın ən tanınmış müğənnilərindən olan Farel Vilyams əsas səhnədə yer alaraq məşhur musiqi proqramı ilə Avropa Qran-prisinə yekun vurub. İstedadlı amerikalı ifaçı, bəstəkar və prodüser musiqi tarixində “Get Lucky”, “Happy” və “Frontin” kimi populyar hitlərinin və digər musiqi parçalarının müəllifi kimi tanınır.

“Formula-1 Şəhərciyi”ndə yarışın sonuncu günündə də səyyar məzhəkəçi aktyorlar tamaşaçıların istirahətinə xüsusi rəng qatıb. Səyyar proqrama Güzgü Adam, aktyor Spandi Andi, Ağacayaq, Küçə Rəssamları, Titan Robot və ənənəvi Azərbaycan rəqsləri daxildir. Həmçinin yerüstü 3D illüziya incəsənət nümunələri, 8 metr hündürlüyündə dırmanma divarı, hava tunelində uçuş, müxtəlif maili enişlərdən və relslərdən ibarət skeyt parkda skeytbordçular və birçarxlı konki sürənlərin çıxışı, batut şousu da azarkeşlərə təqdim olunub.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti trekdə dincəlməyə yer axtaranları da diqqətdən kənarda qoymayıb. Trekdəki gərginlikdən bir qədər uzaqlaşmaq istəyənlər çuval formalı rahat oturacaqlarda, çətirlərin altında, divanlarda, kiçik masalarda və şezlonqlarda istirahət edə biliblər.

Formula-1 Avropa Qran-prisinin əyləncə proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.