İDMAN
Formula 1 Azərbaycan Qran-Prisi Çin kütləvi informasiya vasitələrinin diqqətində olub
Pekin, 30 aprel, AZƏRTAC
Çin avtomobil idmanı həvəskarları da Formula 1 Azərbaycan Qran-Prisini böyük maraqla izləyiblər.
AZƏRTAC xəbər verir ki, Çinin kütləvi informasiya vasitələri Formula 1 Azərbaycan Qran-Prisi haqqında geniş reportajlar yayıblar.
Rəsmi xəbər agentliyi Sinxua ilə yanaşı, Çin Mərkəzi Televiziyasının idman kanalı CCTV5, nüfuzlu idman qəzetləri və portallarından www.lesports.com, www.sports.eastday.com, www.hinews.cn, www.sports.sina.com.cn, www.sports.163.com, www.f1.sports.sohu.com və digər kütləvi informasiya vasitələri Azərbaycan trekinin özünəməxsusluğundan, gərgin keçən mübarizədə “Mercedes” komandasının britaniyalı pilotu Luis Hamiltonun qələbəsindən söz açıblar.
Qeyd olunub ki, Bakı trekinin uzunluğu 6 kilometr, ümumu məsafəsi isə 306 kilometrdir. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında 7,6 metr təşkil edir.
Çin mətbuatı yazır ki, Bakı treki yarışı tribunadan və televiziya efirindən izləyənlərin şəhərin memarlıq abidələrini görə bilmələrinə imkan yaradıb. Formula 1 Azərbaycan Qran-Prisi və Bakı haqqında fotosessiya ilə zəngin olan xəbərlərdə qeyd olunur ki, növbəti illərdə də Bakıda keçiriləcək bu yarış Azərbaycana turist axınının çoxalmasına müsbət təsir göstərəcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin