İDMAN


Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar Daxili Qoşunların şəxsi heyətinin hazırlığı yoxlanılıb

Bakı, 17 aprel, AZƏRTAC

Aprelin 17-də Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Bakıda yerləşən “N” saylı hərbi hissəsində Formula 1 Azərbaycan Qran-Prisi zamanı xidmətin aparılmasına hazırlıq yoxlanılıb.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxili işlər nazirinin müavini - Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədovun iştirakı ilə keçirilən tədbirdə yarış zamanı digər hüquq-mühafizə orqanları ilə birlikdə ictimai qaydanın qorunmasına və ictimai təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək hərbi qulluqçuların xidmətə hazırlığı, xüsusi vasitə, avadanlıq və rabitə vasitələri ilə təchizatı, təminat məsələlərinin həlli, eləcə də nəqliyyat vasitələrinin vəziyyəti yoxlanılıb.

Daxili işlər nazirinin müavini – Daxili Qoşunların Komandanına məruzə edilib ki, yarış ərəfəsində xidməti-döyüş tapşırıqlarının və müəyyənləşdirilmiş vəzifələrin tam həcmdə yerinə yetirilməsi üçün planlaşdırılmış hazırlıq tədbirlərinin vaxtlı-vaxtında icrası təmin olunur. İlk növbədə, müvafiq plan-hesab hazırlanaraq şəxsi heyətin xidmət sahələri üzrə bölgüsü aparılıb, digər hüquq-mühafizə orqanları ilə qoşunların birgə fəaliyyətinin əlaqələndirilməsi, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkili məqsədilə baş idarəetmə mərkəzi yaradılıb. Yarışların təşkil olunacağı ərazi və obyektlərə baxış keçirilərək xidmətin təşkili təhlil olunub, aidiyyəti üzrə komandir heyəti xidmətaparma yerləri ilə əyani tanış edilib. Xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunan şəxsi heyətə yarışın əhəmiyyəti, qanunçuluq, vətəndaşların hüquq və azadlıqlarının qorunması prinsipləri izah edilib, vəzifə borclarının icrasına məsuliyyətlə yanaşılması tələb olunub. Həmçinin şəxsi heyətin daşınmasında nəqliyyat vasitələrinin sazlığına xüsusi diqqətin yetirilməsi və düzgün istismarının təşkilinə önəm verilməsi qeyd edilib.

Bildirilib ki, yarış zamanı xüsusi icazəsi olmayan şəxslərin buraxılmasının və avtomaşınların daxil olmasının, eyni zamanda, baş verə biləcək hər hansı bir fövqəladə halın qarşısının alınması ilə əlaqədar müəyyənləşdirilmiş vəzifələr peşəkarlıqla yerinə yetiriləcək.

Diqqətə çatdırılıb ki, hazırlıq mərhələsində həvalə edilən obyektlərin mühafizəsi, nəzarət-buraxılış məntəqələrində buraxılış rejiminin təmin olunması üzrə xüsusi məşğələlər keçirilir, xidmətə cəlb olunacaq qadın hərbi qulluqçuların da müvafiq məşğələlərdə iştirakı təmin edilir.

Sonra xüsusi təyinatlı bölmələrin, perimetr boyu xidmətin aparılmasına cəlb olunacaq şəxsi heyətin, o cümlədən qadın hərbi qulluqçuların xüsusi geyim formalarına və hərtərəfli təminatına, xüsusi vasitə və avadanlıqlarla, rabitə vasitələri ilə təchizatına, nəqliyyat vasitələrinə baxış keçirilib.

Şəxsi heyətin hazırlığını yüksək qiymətləndirən general-leytenant Ş.Məmmədov Formula 1 Azərbaycan Qran-Prisi yarışı ilə bağlı qarşıya qoyulmuş tapşırıqların icrasına məsuliyyətlə yanaşılmasının, nəzərdə tutulmuş tədbirlərin vaxtında və tam həcmdə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Daxili işlər nazirinin müavini - Daxili Qoşunların Komandanı xidmətin aparılması ilə əlaqədar konkret tapşırıqlarını verərək, şəxsi heyətə bu məsuliyyətli işdə uğurlar arzulayıb, qarşıya qoyulmuş vəzifələrin yüksək səviyyədə yerinə yetiriləcəyinə əminliyini bildirib.

Xüsusi olaraq diqqətə çatdırıb ki, DİN-in Daxili Qoşunları mötəbər idman yarışı ilə əlaqədar etimadı doğruldaraq nümunəvi nizam-intizamı, üzərinə düşən vəzifələri peşəkarcasına yerinə yetirməsi ilə dövlətçiliyə və andına sadiqliyini bir daha nümayiş etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.