İDMAN


Formula 1 Azərbaycan Qran-Prisində könüllü olmaq üçün 17 ölkədən müraciət qəbul edilib

Bakı, 28 noyabr, AZƏRTAC

Gələn il keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisində könüllü olmaq üçün xarici vətəndaşlar da müraciət ediblər. Ümumilikdə 17 ölkədən müraciətlər qəbul olunub.

Bu sözləri “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin könüllülər üzrə əlaqələndiricisi Tural Hümbətov AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

Bildirib ki, müraciət olunan ölkələr arasında Əfqanıstan, Belarus, Çin, Gürcüstan, Almaniya, Hindistan, İran, İraq, Qazaxıstan, Pakistan, Fələstin, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Özbəkistan və Zimbabve də var. Bu da Formula 1-ə marağın göstəricisidir.

“Gələnilki yarışda digər Qran-prilərdə könüllü olanlar da müraciət ediblər. Soçi Qran-Prisinin 10-dək könüllüsü Bakıda təşkil olunacaq yarışda fəaliyyət göstərmək şanı qazanıb. Onların bəzilərinin müsahibə prosesi başa çatıb. Onlar üçün Azərbaycanın təcrübəsini öyrənmək maraqlıdır. Soçidən fərqli olaraq Azərbaycan Qran-Prisi şəhər yarışıdır. Ölkəmizdə təşkil olunan yarışın ardıcıl iki il ən yaxşı Qran-Pri seçilməsi onlarda bu istəyi yaradıb”, - deyə T.Hümbətov əlavə edib.

O vurğulayıb ki, artıq yerli könüllülər üçün müsahibə prosesi davam edir. Qeydiyyatdan uğurla keçən hər bir kəs müsahibə prosesində iştirak edəcək. Müsahibədə əsasən könüllü olmaq istəyən şəxslərin motivasiyasına və liderlik bacarığına xüsusi diqqət yetirilir. Yarış zamanı ölkəmizə çoxlu sayda turistlərin səfər edəcəyi nəzərə alınaraq, onların dil biliklərinə də önəm verilir. Biz onların fərdi və peşəkar inkişafına xüsusi diqqət yetiririk. Könüllülər üçün “Öz biznesimi necə yaradım?”, “Mən necə bloqqer ola bilərəm?” və digər mövzularda seminarlar təşkil olunacaq. Həmçinin rus və ingilis dillərində danışıq klubları da keçiriləcək. Əlimizdən gələni edəcəyik ki, könüllülərin hazırlığı yüksək səviyyədə aparılsın.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.