İDMAN


Formula-1 Azərbaycan Qran-Prisinə bileti olanlara xüsusi endirimlər təklif ediləcək

Bakı, 30 may, AZƏRTAC

Formula-1 yarışının keçiriləcəyi Bakı şəhəri halqasının yaxınlığında yerləşən 50-ə yaxın şirkət Azərbaycan Qran-Prisi ərəfəsində yarışa bileti olan tamaşaçılara xidmətləri 20 faizədək endirimli qiymətlərlə təklif edəcək.

AZƏRTAC xəbər verir ki, bu, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) ilə “Turizm və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyi (TMMİD) arasında “Formula-1 Azərbaycan Qran-Prisinin ölkə turizminin inkişafına dəstəyi” layihəsi çərçivəsində əməkdaşlığa dair imzalanan anlaşma memorandumunda əksini tapıb.

BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai endirim kampaniyasının hamıya faydalı olacağını bildirərək deyib: “Sözsüz ki, bu endirim kampaniyası tamaşaçılarla yanaşı, sahibkarlara da böyük fayda verəcək. Bakıda möhtəşəm Formula-1 yarışını izləməyə gələn minlərlə tamaşaçı yarış həftəsonu ərzində məhz endirimlərin olduğu yerlərə üz tutacaqlar. Bu da öz növbəsində həmin şirkətlərin daha çox gəlir əldə etməsinə imkan yaradacaq. Nəticədə hamı bu yarışdan qazanclı çıxacaq”.

İctimai Birliyin sədri Kəmalə Məmmədova layihənin uzunmüddətli olacağına inandığını bildirib: “Son illər ölkəmizə gələn əcnəbilərin sayında ciddi artım müşahidə olunur. Vaxtilə istirahət üçün Avropaya gedənlər artıq turist kimi Azərbaycana gəlməyi üstün tuturlar. Biz də yaranmış bu fürsətdən səmərəli istifadə edərək bu yay Bakıda keçiriləcək Formula-1 yarışı ərəfəsində ölkə turizminin inkişafına müəyyən dərəcədə dəstək göstərmək üçün bu layihəni irəli sürdük. Çox qısa müddətdə onlarla şirkət kampaniyaya qoşulmaq istədiklərini bildirdilər. İnanırıq ki, növbəti mərhələlərdə bu layihəyə maraq daha da artacaq və biz onu davam etdirməyə çalışacağıq.”

Memoranduma əsasən, layihəyə qoşulan şirkətlərlə İctimai Birlik arasında ikitərəfli müqavilə imzalanır. Layihədə iştirak edən hər bir şirkət Qran-Priyə bileti olan müştərilərinə xüsusi endirimli qiymətlərlə xidmət göstərməyi üzərinə götürür. Layihənin keçirilməsində məqsəd kiçik və orta sahibkarlar daxil olmaqla, ümumilikdə yerli biznes üçün səmərəli maliyyə imkanları yaradaraq Azərbaycanda özəl sektorun inkişafına dəstək verməkdir.

Layihə çərçivəsində keçirilən endirim kampaniyasına iyunun 1-də start verilir və bu kampaniya iyulun 15-dək davam edəcək. Əməliyyat Şirkəti layihəyə qoşulan şirkətlərə obyektlərin girişində diqqəti cəlb edəcək yerə yapışdırmaq üçün kampaniyaya dair xüsusi endirim nişanları (stikerlər) verəcək.

Qeyd edək ki, indiyədək layihəyə ümumilikdə 46 şirkət qoşulub. Onlar arasında milli, Avropa, Asiya və türk mətbəxlərinə aid restoranlar, milli xüsusiyyətləri əks etdirən suvenirlərin, ev və zinət əşyalarının satışa çıxarıldığı mağazalar, gözəllik salonları və SPA mərkəzləri, şərab evləri, klinikalar, hotellər və sair sahələr üzrə ixtisaslaşmış biznes obyektlərinə rast gəlmək mümkündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.