İDMAN


Formula 1 Azərbaycan Qran-Prisinin Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb

Bakı, 23 may, AZƏRTAC

Formula 1 Azərbaycan Qran-Prisinin Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb. Builki yarışa sayılı günlər qaldığı müddətdə yürüşün keçirilməsində rolu olan əməkdaşlar, könüllülər, marşallar, təhlükəsizlik əməkdaşları və podratçı şirkətlərin nümayəndələri mərkəzə gələrək, akkreditasiya kartlarını, həmçinin uniformalarını əldə edə biləcəklər.

AZƏRTAC xəbər verir ki, 100-dən artıq könüllünün fəaliyyət göstərdiyi mərkəz iyunun 12-dək fəaliyyət göstərəcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İnsan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova könüllülərin fəaliyyətindən danışarkən bildirib: “Könüllülər yarışın ayrılmaz hissəsidir. Onların yarışdan əvvəl fəaliyyəti ilk olaraq, məhz Uniforma və Akkreditasiya Mərkəzində başlayır. Onlar mərkəzdə yüksək xidmətin göstərilməsində bilavasitə mühüm rol oynayırlar”.

Formula 1 Azərbaycan Qran-Prisində iştirak etmək üçün cari ilin əvvəlində 8 mindən çox namizəd qeydiyyat üçün müraciət edib. İkiillik fasilədən sonra 2022-ci il yarışı azarkeşlərin iştirakı ilə keçiriləcək. Bu isə öz növbəsində könüllü olmaq istəyənlərin sayına ciddi təsir edib. Müraciət edənlərin 1500-ü yarışların təşkilinə könüllü olaraq qatılmaq imkanı qazanıb. Həmçinin fiziki məhdudiyyətli gənclər də Formula 1 könüllüsü olmaqda həvəslidirlər və yarışlara qoşularaq yeni təcrübələr əldə etmək üçün qeydiyyatdan keçərək müsahibəyə qoşulublar.

Yarış əməliyyatlarına xüsusi hazırlaşan könüllülərin bilik və bacarıqlarının artırılması məqsədilə Bakı Şəhər Halqası Akademiyası tərəfindən intensiv təlimlər keçirilib. Bununla da, BŞH könüllüləri Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində insan resursları, işçi qüvvəsi, media, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marşal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatları və digər mühüm istiqamətlərdə yarışın yüksək səviyyədə təşkilində müstəsna xidmət göstərəcəklər.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.