İDMAN
Formula-1 Azərbaycan Qran-Prisinin Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyətini davam etdirir
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də media nümayəndələri Formula-1 Azərbaycan Qran-Prisinin Uniforma və Akkreditasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, 100-dən artıq könüllünün fəaliyyət göstərdiyi mərkəzdə hər cür şərait yaradılıb. Könüllülər və podratçı şirkətlərin nümayəndələri buraya gələrək qeydiyyat kartını, həmçinin uniformalarını əldə edirlər.
Yarışın könüllüləri və işçi heyətinə artıq giriş kartlarının verildiyini bildirən Uniforma və Akkreditasiya Mərkəzinin meneceri Rüfət Bayramov deyib ki, burada Qran-Prinin bir hissəsi olmaq istəyən üç min könüllünün müraciətlərinə baxılır. Podratçı şirkətlərin dörd minə yaxın nümayəndəsinə giriş kartı və uniforma təqdim olunacaq. Ümumilikdə 13 minə yaxın insanın mərkəzə müraciət edəcəyini gözləyirik. Uniformalar işçi heyəti, könüllülər və podratçı şirkətlərin nümayəndələri üçün təqdim olunur. Bir dəst uniformaya iki mayka, papaq və gödəkcə daxildir. Mərkəz iyunun 1-dən fəaliyyətə başlayıb və ayın 21-dək açıq olaq. İndiyədək Mərkəzə 6 min nəfər müraciət edib.
Formula-1 Azərbaycan Qran-Prisinə bir neçə gün qaldığını bildirən “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin insan resursları şöbəsinin rəhbəri İranə Əhmədova deyib: “Artıq könüllülərin təlimi başa çatmaq üzrədir. Uniforma və akkreditasiyanın alınması çox vacibdir. Çünki onlar olmadan könüllülərin müxtəlif zonalara və məkanlara girişi qadağandır. Akkreditasiya kartında könüllünün adı, soyadı, vəzifəsi və işləyəcəyi məkan qeyd olunur”.
Könüllülərin çox fəal olduqlarını bildirən İranə Əhmədova onların “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin nümayəndələri ilə birlikdə həvəslə çalışdıqlarını məmnuniyyət hissi ilə ifadə edib. Bildirib ki, əməliyyat şirkəti tərəfindən könüllülər üçün maraqlı tədbirlər hazırlanacaq, onlara sertifikatlar və hədiyyələr təqdim olunacaq.