İDMAN
Formula 1 Azərbaycan Qran-Prisinin dördgünlük biletlərinə endirim kampaniyası davam edir
Bakı, 17 dekabr, AZƏRTAC
Gələn il keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi üçün nəzərdə tutulmuş dördgünlük biletlərə endirim kampaniyası davam edir.
“Bakı Şəhər Halqası” (BŞH) Əməliyyat Şirkətindən AZƏRTAC-a bildiriblər ki, endirimli biletləri 190 manatdan başlayaraq əldə etmək istəyənlər www.bakucitycircuit.com saytına müraciət edə bilərlər. Bakıda növbəti Formula 1 yarışı gələn il aprelin 26-28-də keçiriləcək.
Mövsümün ən həyəcanlı və möhtəşəm yarışlarından biri kimi yadda qalan 2018-ci il Formula 1 Azərbaycan Qran-Prisi “The Times” və “The Guardian” kimi beynəlxalq kütləvi informasiya vasitələri tərəfindən “İlin yarışı” adına layiq görülüb.
BŞH azarkeşlərə 190 manatdan başlayaraq dördgünlük biletlərdə məhdud sayda nəzərdə tutulmuş 20 faizlik endirim təklif edir. Yanvarın 1-dək qüvvədə olacaq bu təklifdən sonra biletlərin satışı tam qiymət üzərindən davam etdiriləcək.
Dörd günlük biletlər azarkeşlərə trekdə üç gün ərzində davam edəcək yarışlarla yanaşı, həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq, həmçinin aprelin 25-də keçiriləcək Pit Yolu yürüşündə iştirak etmək imkanı verir. Ötən üç il ərzində Bakıda keçirilmiş yarışlarda bu bənzərsiz təcrübəni yaşamış azarkeşlər Formula 1 komandalarının qarajlarına səfər edərək mühəndis və mexaniklərin pilotları ən unudulmaz yarışlardan birinə necə hazırladıqlarının şahidi olmaq imkanı qazanırlar.
BŞH dördgünlük biletlər üçün təklif olunan endirim kampaniyasından əlavə 2-15 yaşlı uşaqlar üçün də xüsusi endirimlər təqdim edir. Bu kampaniya yalnız dördgünlük biletlərə aiddir. Azyaşlılar üçün olan dördgünlük biletlər ancaq böyüklər üçün olan müvafiq biletlərlə birgə satılır. Yarış məkanına daxil olarkən şəxsiyyət vəsiqəsinin təqdim edilməsi tələb olunur.
Yarışı ayaqüstü zonalardan izləmək istəyənlər bu zonalara olan bir günlük biletləri əldə edə bilərlər.
İlkin endirim kampaniyası müddətində yerli sakinlər üçün təqdim olunan dördgünlük biletlərin qiyməti tribunadan asılı olaraq, 190-660 manat arasında dəyişir. Azyaşlılar üçün bu qiymət müvafiq olaraq 130-470 manat təşkil edir. Ayaqüstü zona üçün olan biletlərin qiymətləri isə 80-160 manat arasında dəyişir.