İDMAN


Formula 1 Azərbaycan Qran-Prisinin fərqlənən könüllüləri Macarıstana göndəriləcək

Bakı, 11 aprel, AZƏRTAC

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) aprelin 26-28-də təşkil olunacaq Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində fəaliyyət göstərən könüllülər arasında müsabiqə keçirir. Əməliyyat Şirkəti qalibləri avqustun 2-4-də keçiriləcək Macarıstan Qran-Prisinə göndərəcək.

BŞH-dən AZƏRTAC-a bildiriblər ki, səfər zamanı könüllülər Macarıstan Qran-Prisini birbaşa izləməklə yanaşı, bu yarışın təşkilatçıları ilə təcrübə mübadiləsi aparmaq imkanına sahib olacaqlar. Könüllülərin səyahət, qonaqlama və yarışda iştirakla əlaqədar bütün xərcləri Əməliyyat Şirkəti tərəfindən qarşılanacaq.

Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan Qran-Prisi zamanı fəallığı ilə seçilən könüllüləri mükafatlandırmaqdır.

Müsabiqədə könüllülərin fəaliyyəti üç əsas istiqamət - könüllülük fəaliyyətinə dair tədbirlərdə iştirak, yarış zamanı göstərilən fəallıq və bütün mərhələlər üzrə keçirilən ümumi imtahan əsasında qiymətləndiriləcək. Bütün meyarlar üzrə ən yüksək nəticə əldə edən könüllülər müsabiqənin qalibi olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.