İDMAN


Formula 1 Azərbaycan Qran-Prisinin könüllülərinə və işçi heyətinə uniformalar və akkreditasiyaların verilməsinə başlanıb

Bakı, 12 aprel, AZƏRTAC

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) aprelin 26-28-də keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinin könüllülərinə və işçi heyətinə uniformaların və akkreditasiyaların verilməsi prosesinə başlayıb.

AZƏRTAC xəbər verir ki, media nümayəndələrinə açıqlama verən BŞH-nin akkreditasiya üzrə əlaqələndiricisi Nərmin Rzazadə mərkəzin aprelin 1-dən fəaliyyətə başladığını bildirib. “Bu günədək 3 min nəfər akkreditasiyadan keçib. Ümumilikdə isə 13-14 min nəfəri uniforma və akkreditasiya ilə təmin etmək nəzərdə tutulub. Həmin şəxslər müxtəlif kateqoriyalara bölünür. Buraya könüllülər, podratçı şirkətlər, işçi heyəti, marşallar və hüquq-mühafizə orqanlarının əməkdaşları aiddir. Məqsədimiz yarışlara qədər həmin şəxsləri uniforma və akkreditasiya ilə təmin etməkdir. Mərkəz yarışların son gününə qədər açıq olacaq. Hər gün saat 09:00-dan axşam saat 19:00-dək işləyirik. Aprelin 15-dən isə həftənin bütün günlərində fəaliyyət göstərəcəyik”.

BŞH-nin işçi qüvvəsi və insan resursları şöbəsinin rəhbəri İranə Əhmədova qeyd edib ki, uniforma və akkreditasiyaların verilməsi prosesinə 100-dən artıq könüllü cəlb edilib. Ümumilikdə yarışlarda 3 min könüllü iştirak edəcək. Bu il xaricdən gələn 50-dək könüllüyə də akkreditasiya veriləcək. Həmin könüllülər ABŞ, Almaniya, Hollandiya, Çin, Avstraliya və digər ölkələrdəndir”.

İl ərzində könüllülər üçün çoxsaylı tədbirlərin keçirildiyini vurğulayan İ.Əhmədova bildirib: “Bu il motivasiya planı çərçivəsində ən fəal üç könüllü Macarıstan Qran-Prisini izləmək şansı qazanacaq. Bu seçim bir neçə mərhələdən ibarət olacaq. Sonuncu mərhələdəki imtahandan ən yüksək bal toplayan könüllülər seçilib Macarıstana göndəriləcəklər”.

Formula 1 Azərbaycan Qran-Prisi aprelin 26-28-də Bakı şəhər halqasında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.