İDMAN


Formula 1 Azərbaycan Qran-Prisinin marşalları üçün təlimlər keçirilib

Bakı, 21 may, AZƏRTAC

İyunda Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq işləri çərçivəsində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nəzdində Bakı Marşal Klubu marşalların bacarıq və təcrübələrinin artırılması məqsədilə tədbir və təlimlərin təşkilinə start verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə mayın 21- də FHN Akademiyasında nazirliyin dəstəyi ilə yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar üçün təlimlər keçirilib.

FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ağali Hüseynovun rəhbərliyi ilə təşkil olunan təlimlərin keçirilməsində məqsəd yarışlar zamanı baş verə biləcək fövqəladə hallarla bağlı əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, yanğınların qarşısının alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması üçün marşalların peşəkarlığının daha da artırılmasıdır.

Akademiyanın xüsusi ixtisaslı təlim-tədris heyəti tərəfindən tədbir iştirakçıları üçün fövqəladə hallar, o cümlədən yanğın təhlükəsizliyinə dair biliklərin aşılanması, belə mümkün hadisələrin qarşısının alınması və xilasetmə tədbirlərinin təşkili istiqamətində onların bacarıqlarının möhkəmləndirilməsi məqsədilə təqdimatlar edilib. Praktiki hissədə fövqəladə hadisələr, o cümlədən yanğın təhlükəsizliyi və xilasetmə işlərində istifadə olunan xüsusi texnika və avadanlıqlarla davranış qaydaları əyani şəkildə izah edilib.

Qeyd edək ki, mayın 14-dən başlayan təlimlər artıq dördüncü dəfədir ki, keçirilir. Nəzəri və praktik hissələrdən ibarət bu təlimlərdə ümumilikdə 190 nəfərə yaxın marşal iştirak edib. Yarış müddətində 1400 marşalın iştirakı nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.