İDMAN


Formula 1 Azərbaycan Qran-Prisinin rəhbər marşallarının görüşü olub

Bakı, 7 mart, AZƏRTAC

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu Formula 1 üzrə növbəti Azərbaycan Qran-Prisinə hazırlıq görür. Martın 7-də Əməliyyat Şirkəti və Bakı Marşal Klubu yarışın mühüm tərkib hissəsi olan rəhbər marşalların görüşünü təşkil edib.

AZƏRTAC xəbər verir ki, görüşdə ötən dörd mövsümün yekunları, 1300-ə yaxın marşal üçün martın ortalarına start veriləcək təlimlərin plana uyğun olaraq yerinə yetirilməsi, Formula 1-in yeni mövsümünün reqlamentində edilmiş dəyişikliklərin nəzərdən keçirilməsi, yarış həftəsi prosedurunun icrası planı və ümumilikdə Formula 1 Azərbaycan Qran-Prisinin gələcəkdə daha da mükəmməl təşkili mövzularında müzakirələr aparılıb.

Görüşdə çıxış edən Bakı Marşal Klubunun direktoru Çingiz Mehdiyev deyib: “2016-cı ildə ölkəmizdə təlimlər xarici rəhbər marşallar tərəfindən keçirildiyi halda, növbəti ildən etibarən bu prosedur yerli rəhbər marşallar tərəfindən təşkil olunur. Ötən mövsümün nəticələrinə əsasən rəhbər marşalların təklif və rəyləri müzakirə olunduqdan sonra idarə heyəti tərəfindən müvafiq qərarlar qəbul edilir. 2020-ci il mövsümü üçün 2745 nəfərin marşal olmaqla bağlı müraciəti rəsmi olaraq qeydə alınıb. Bu il keçiriləcək Azərbaycan Qran-Prisində cəmi 117 xarici marşalın iştirakı nəzərdə tutulub. Digər ölkələrdən 290 müraciət daxil olub”.

Qeyd edilib ki, yaşayış yerindən asılı olmayaraq, yaşı 21-dən yuxarı hər kəs Marşal Proqramına qoşula bilər.

“Formula 1 yarış həftəsonunu uğurla başa çatdıran hər bir marşala Azərbaycan Avtomobil Federasiyasının təqdim etdiyi Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən qəbul olunmuş beynəlxalq lisenziya veriləcək. Beynəlxalq lisenziya marşallara təkcə Azərbaycanda deyil, Formula 1 Qran-Prisinə ev sahibliyi edən digər ölkələrdə keçiriləcək yarışlara da qatılmaq hüququ verir”, - deyə Ç.Mehdiyev bildirib.

Tədbirdə 100 rəhbər marşal iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.