İDMAN
Formula 1: Bəhreyn xarici vətəndaşların koronavirusla əlaqədar ölkəyə girişinə yeni məhdudiyyətlər tətbiq edib
Bakı, 4 mart, AZƏRTAC
Bəhreyn xarici vətəndaşların koronavirus epidemiyası ilə əlaqədar ölkəyə girişinə yeni məhdudiyyətlər tətbiq edib.
AZƏRTAC xəbər verir ki, Bəhreynə gəlməzdən 14 gün əvvəl İtaliya, Çin, Malayziya, Sinqapur, Tailand və Koreya Respublikasında olmuş bütün xarici vətəndaşların bu ölkəyə girişinə icazə verilməyəcək. Qərar müvəqqəti xarakter daşısa da, Formula 1 komandaları üçün müəyyən çətinlik yaradacaq. Belə ki, Sinqapur və Honq Konq kimi ölkələr, bir çoxları üçün Avstraliyadan Bəhreynə gedərkən tranzit rolu oynayır. Bununla bağlı, komandalar biletləri yenidən sifariş etməli olacaqlar. “Ferrari”, “AlphaTauri” və “Pirelli”nin nümayəndələri isə 14 günlük limiti yerinə yetirmək üçün yaxın günlərdə İtaliyanı tərk etməli olacaqlar.
Yeni məhdudiyyətlərə baxmayaraq, Formula 1 Bəhreyn Qran-Prisinin təşkilatçıları mərhələnin təqvimdə qeyd olunduğu vaxtda baş tutacağına əmin olduqlarını bildirirlər.
Qeyd edək ki, Bəhreyn Qran-Prisi martın 20-22-də keçiriləcək.