İDMAN
Formula 1 Çin Qran-Prisi bu il də ləğv edilə bilər
Bakı, 11 yanvar, AZƏRTAC
Koronavirus pandemiyası bu mövsüm də Formula 1-in planlarına mənfi təsir göstərə bilər. Artıq dünya mətbuatında müəyyən Qran-Prilərin təxirə salınacağını və hətta ləğv ediləcəyi ilə bağlı məlumatlar yer alır.
AZƏRTAC xəbər verir ki, Formula 1 rəhbərliyi yaxın günlərdə yeni mövsümün təqvim planında dəyişiklər etməyə hazırlaşır. Avropa mətbuatının məlumatına görə, bir neçə gündən sonra Avstraliya Qran-Prisinin təxirə salınacağı haqda ictimaiyyətə məlumat verəcək. Buna baxmayaraq, ötən mövsümlə müqayisədə Melburndakı yarış keçiriləcək. Sadəcə, bu Qran-Prinin noyabrın 21-də təşkili planlaşdırılır. Avstraliyadan fərqli Çin Qran-Prisinin taleyi sual altındadır. Təqvimə əsasən, Şanxaydakı yarışın təşkilatçıları onu aprelin 11-də keçirə bilməsə, yürüş ümumiyyətlə ləğv edilə bilər.
Bir neçə gün əvvəl Formula 1-in yeni rəhbəri Stefano Domenikali komandaların rəhbərləri ilə videoformatda görüş keçirib. Onlayn toplantıda İmola və Portuqaliya Qran-Prisinin təşkil olunması ilə bağlı variant da müzakirə olunub.
Qeyd edək ki, ötən mövsüm koronavirus pandemiyasına görə ləğv edilən Azərbaycan Qran-Prisinin bu ilin planına əsasən iyunun 6-da keçiriləcəyi nəzərdə tutulub.