İDMAN
Formula 1-də ilk dəfə çinli pilot iştirak edəcək
Bakı, 16 noyabr, AZƏRTAC
Formula 1-də ilk dəfə çinli pilot iştirak edəcək. Belə ki, çinli sürücü Çjou Quanyu 2022-ci ildən “Alfa Romeo”nun uğurları üçün çalışacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Formula1-in mətbuat xidməti məlumat yayıb.
“Alfa Romeo”da Çjou Quanyu 2019-cu ildən komandada çıxış edən italiyalı Antonio Covinatsini əvəz edəcək.
A.Covinatsi Formula 1-də 2017-ci ildə “Sauber” komandasında (indiki adı “Alfa Romeo”) debüt edib, 2018-ci ildə “Ferrari”nin test pilotu olub. Onun karyerasında ən yaxşı nəticəsi 2019-cu il Braziliya Qran-Prisində beşinci yerdə qərarlaşması olub. Bu mövsüm A.Covinatsi bir xal toplayıb və dünya çempionatının ümumi reytinq cədvəlində 19-cu pillədə qərarlaşıb. İtaliyalı sürücü 2016-cı ildə Formula 2 yarışında ikinci yeri tutub.
Çjou Quanyu hazırda Formula 2-də yarışır və Formula 1-də "Alpine" komandasının test pilotudur. Formula 2-də çinli pilot dörd qələbə qazanıb və 18 dəfə fəxri kürsüyə yüksəlib. Bu mövsüm 22 yaşlı sürücü ümumi hesabda ikinci yerdədir.