İDMAN
Formula 1-in rusiyalı marşalı: Yürüşün rəhbərliyi Kubitsanın evakuasiyasına görə bizi təriflədi
Bakı, 28 aprel, AZƏRTAC
Formula 1 Azərbaycan Qran-Prisində səkkizinci döngədə fəaliyyət göstərən rusiyalı marşal Andrey Levenets şənbə təsnifatı zamanı Robert Kubitsa və Şarl Leklerin maşınlarının evakuasiyasının təfərrüatını açıqlayıb. Onun sözlərinə görə, hər iki maşının evakuasiyası səlis keçirilib, yürüşün rəhbərliyi isə operativ və dəqiq işinə görə marşalları tərifləyib.
AZƏRTAC xəbər verir ki, Levenets deyib: “Hələ uik-enddən əvvəl biz həmin döngədə avtomobillərin evakuasiyasını məşq edirdik, çünki bu yer çox mürəkkəb və darısqaldır, pilotların hər hansı birinin problemi olacağı təqdirdə trass başlana bilər. Məşqlərdə biz bir neçə maşını birlikdə evakuasiya etmək zərurəti yaranan şəraiti də sınaqdan keçirdik.
Robert Kubitsanın iştirak etdiyi insidentdə avtomobilin birbaşa TecPro baryerlərinin üzərinə düşməsi ən mürəkkəb incəliklərdən biri oldu. Lakin bizim böyük marşal Bəhreyndə buna bənzər təcrübə qazanmışdı və o, bizə necə hərəkət etmək lazım gəldiyini göstərdi. Beləliklə, hər şey məşqdə olduğu kimi səlis alındı. Hətta bizi yürüşün rəhbərliyində operativ işimizə görə təriflədilər. “Ferrari”nin də evakuasiyası buna çox bənzər oldu”.
Marşalın sözlərinə görə, Kubitsa və Leklerin maşınlarının evakuasiyasını çətinləşdirən amil onların ciddi əzilməsi və avtomobillərin çəki balansının pozulması idi. O əlavə edib: “Hər iki halda maşınlarda bir neçə detal yox idi, ona görə biz evakuasiya vaxtı onların bu və ya digər tərəfə aşmaması üçün balansı tutmalı olduq. Bundan başqa, avtomobili birbaşa yürüş zolağından götürəcək evakuatoru çox dəqiq yerləşdirmək lazımdır, çünki bu cür darısqal yerdə texnikanın yanlış yerdə qoyulması səylərimizi heçə endirərdi. Lakin biz bunun öhdəsindən gəldik, hər şey dəqiq oldu”.