İDMAN
Formula-1 marşalları üçün mövsümün ilk təlimi təşkil olunub
Bakı, 4 mart, AZƏRTAC
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) idman əməliyyatları şöbəsi martın 4-də Formula-1 Azərbaycan Qran-prisində iştirak edəcək marşallar üçün “Formula-1-ə giriş” adlı ilk təlimini keçirib.
AZƏRTAC xəbər verir ki, BŞH-nın idman əməliyyatları şöbəsinin və Bakı Marşallar Klubunun (BMK) rəhbəri Çingiz Mehdiyev marşallar üçün yeni mərkəzin yaxında istifadəyə veriləcəyini deyib. Qeyd edib ki, biz bu gün Formula-1 yarışlarının ayrılmaz hissəsi olan marşallar üçün idmanın bu növü və marşallıq fəaliyyəti haqqında mövsümün ilk təlimini təşkil etdik. Məqsədimiz klubumuzun üzvləri olan və bu il yeni seçilmiş marşallara Formula-1 haqqında geniş məlumat vermək və marşallıq fəaliyyətinin önəmli məqamlarını çatdırmaqdır.
Ç.Mehdiyev bildirib ki, marşallar üçün təlimlər yaxın zamanda açılışı planlaşdırılan yeni Marşal Mərkəzində baş tutacaq. Mərkəzdə 10-a yaxın təlim otağı, zəruri avadanlıq və praktika təlimləri üçün nəzərdə tutulan kiçik trek olacaq. Marşallar burada yarışı gerçəkliyinə uyğun şəkildə simulyasiya etmək imkanı qazanacaqlar.
Təlim çərçivəsində marşallara builki Formula-1 dünya çempionatında baş verən dəyişikliklər və Azərbaycan Qran-prisi ərəfəsində marşallıq fəaliyyətinə dair ətraflı məlumat verilib. Bununla yanaşı, yeni seçilmiş marşallar təlim zamanı Formula-1 yarışının əsas xüsusiyyətləri və ümumilikdə marşallıq fəaliyyəti ilə yaxından tanış olublar.
Ümumiyyətlə, təlimin keçirilməsində məqsəd marşallara Formula-1 çempionatında baş verən yenilikləri çatdırmaq və yeni seçilmiş marşalların ötən ildən etibarən Qran-pri yarışlarında iştirak edən marşallarla tanışlıq qurmasını təmin etməkdir.
Mövsümün ilk təlimində, ümumilikdə 700-dən çox marşal iştirak edib. Bu marşalların əksəriyyəti ötən ildən etibarən fəaliyyət göstərir. BMK-nın ulduz səfiri Murad Dadaşov da təlimə qatılaraq marşallara uğurlar arzulayıb.
Xatırladaq ki, marşal proqramına qeydiyyat artıq başa çatıb və indiyədək 5 mindən çox şəxs marşal olmaq üçün müraciət edib.